“Zaqatala AGRO İndustry” tərəfindən şimal-qərb rayonlarında 418,7 hektar sahədə tütün əkilib
Zaqatala, 15 may, Mustafa Dadaşov, AZƏRTAC
Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC tərəfindən bu il Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında, ümumilikdə, 418,7 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilib.
MMC-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tütün istehsalı ilə bağlı bu il həmin rayonlarda 37 fermerlə müqavilə bağlanılıb. Əkin zamanı fermerlər müəssisənin istixana təsərrüfatında yetişdirilmiş tütün şitilləri ilə təmin olunublar. Eyni zamanda, fermerlər şirkət tərəfindən verilmiş toxumla da öz təsərrüfatlarında şitil yetişdiriblər. Ümumiyyətlə, cari mövsümdə MMC tərəfindən Balakən rayonunda 28 hektar, Zaqatalada 141 hektar, Qaxda 164,6 hektar, Şəkidə 67,9 hektar, Oğuz rayonunda isə 17 hektar sahədə tütün əkilib.
Hazırda təsərrüfatlarda tütün sahələrinə aqrotexniki qulluq işləri davam etdirilir.