ZAQATALADA ÇAYÇILIQ İNKİŞAF ETDİRİLİR
Zaqatala, 5 aprel (AZƏRTAC). Zaqatala rayonunda kənd təsərrüfatının ənənəvi sahələrindən olan çayçılığın inkişafı üçün zəruri tədbirlər həyata keçirilir. Rayonun əsas çay istehsalçısı olan “Zaqatala-Çay” MMC-nin sədri Abdulməcid Şabanov bildirmişdir ki, regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının icrasının ilk ilində, yəni 2004-cü ildə rayonda mövcud 60 hektar çay plantasiyasından yalnız 5 hektarı məhsuldar vəziyyətdə idi. Görülmüş tədbirlər nəticəsində 2008-ci ilin sonunadək 35 hektar çay plantasiyası bərpa edilərək məhsuldar vəziyyətə gətirilmişdir. Sahibkarlığa Kömək Milli Fondundan alınmış güzəştli kredit vəsaiti hesabına isə 2009-cu ildə daha 5 hektar çay plantasiyası bərpa edilmişdir.
2004-cü ildə rayonda 15 ton yaşıl çay yarpağı istehsal olunduğu halda, 2009-cu ildə bu göstərici 70 tona çatdırılmışdır. İstehsal olunmuş məhsulun 45 tonu “Zaqatala-Çay” MMC-nin payına düşür.
Azərbaycan Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə 2015-ci ilədək Zaqatala rayonunda yaşıl çay yarpağı istehsalının 120 tona çatdırılması nəzərdə tutulur. Bunun üçün daha 10 hektar çay plantasiyasının bərpa edilərək məhsuldar vəziyyətə gətirilməsi, habelə 5 hektar sahədə yeni plantasiyanın salınması planlaşdırılır. Bu işlərə ümumilikdə 100 min manata yaxın vəsait tələb olunur. Cəmiyyətin rəhbərliyi bu məqsədlə növbəti güzəştli kreditin ayrılması üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmişdir.