CƏMİYYƏT
Zaqrebdə Ulu Öndər Heydər Əliyevin büstünün açılış mərasimi olub, tədbirdə AZƏRTAC-ın Ümummilli Liderin fəaliyyətinə dair fotoları təqdim edilib
![](/files/galleryphoto/2023/3/1200x630/17024024242600237113_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17024024242603434558_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1702402487946661438_1200x630.jpg)
Zaqreb, 12 dekabr, AZƏRTAC
Dekabrın 12-də Azərbaycanın Xorvatiyadakı səfirliyinin binasında Ümummilli Lider Heydər Əliyevin büstünün açılış mərasimi keçirilib. Ağ mərmərdən hazırlanmış büstün müəllifi tanınmış heykəltaraş Nurəli Şahbazovdur. Tədbir çərçivəsində AZƏRTAC tərəfindən səfirliyə təqdim olunmuş Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət sərgi nümayiş olunub.
Mərasimdə Xorvatiyanın sabiq prezidentləri Stepan Mesiç və İvo Yosipoviç, Xorvatiya Parlamentinin sədr müavini Davorko Vidoviç və parlament üzvləri, Zaqrebdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Xorvatiyanın dövlət və ictimaiyyət nümayəndələri, ali təhsil müəssisələrinin rəhbərləri, bu ölkədə yaşayan azərbaycanlılar, həmçinin KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov Ulu Öndər Heydər Əliyevin xalqımızın qarşısında misilsiz xidmətlərindən bəhs edərək, onun müdrik siyasəti və uzaqgörənliyi sayəsində ölkəmizdə milli dövlətçilik ideyasının formalaşdığını, müasir və güclü Azərbaycan dövlətinin yaradıldığını, xalqımızın müstəqillik arzusunun gerçəkləşdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Diplomat Ulu Öndərin Azərbaycanın müstəqilliyinin bərpasında, gücləndirilməsində və dövlətçiliyin qorunub saxlanılmasındakı rolu haqqında danışaraq, onun dövlətçiliyimizin çətin məqamında hakimiyyətə gəldiyini, çoxsaylı daxili və xarici çağırış və təhdidlərə baxmayaraq, müstəqilliyimizi xilas etdiyini, Ulu Öndərin tutduğu qətiyyətli mövqe, apardığı uğurlu siyasəti nəticəsində bu gün Azərbaycanın dünya miqyasında güclü dövlətə çevrildiyini və beynəlxalq aləmdə layiqli yer tutduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, ölkəmizin həqiqətən müstəqil və güclü bir dövlətə çevrilməsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, ölkənin bugünkü sürətli iqtisadi inkişafı, məhz Ulu Öndər tərəfindən zamanında atılmış addımların və verilmiş müdrik qərarların nəticəsində mümkün olub.
Səfir Ulu Öndər Heydər Əliyevin siyasi kursunun bu gün onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq, ölkəmizin müasir dövrdə əldə etdiyi çoxsaylı uğurlar və nailiyyətlər haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Tədbirdə çıxış edən Xorvatiyanın sabiq Prezidenti Stepan Mesiç Heydər Əliyevi dünyaşöhrətli siyasi xadim kimi xarakterizə edərək, onun Azərbaycana rəhbərlik etdiyi dövrdə, milli və mənəvi dəyərlərə, adət-ənənələrə xüsusi önəm verdiyini, müasir Azərbaycanın indiki vəziyyətə gəlib çatmasında Heydər Əliyevin misilsiz xidmətləri olduğunu, Xorvatiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin məhz 1995-ci ilin yanvar ayında Prezident Heydər Əliyevin dövründə qurulduğunu vurğulayıb. Stepan Mesiç Ulu Öndərin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlətin qurulduğunu və bu gün beynəlxalq birliyin nüfuzlu və etibarlı tərəfdaşına çevrildiyini diqqətə çatdırıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Zaqreb