Zəfər Gününə həsr olunmuş “Xəmsə” milli intellektual oyunu keçirilib
Bakı, 5 noyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Xəmsə” milli intellektual oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki tədbirdə YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə çıxış edərək bu günlər qalib Azərbaycanın hər bir vətəndaşının sözlə ifadə edilə bilməyəcək sevinc, qürur, fəxarət hissi keçirdiyini söyləyib: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz, rəşadətli Ordumuzun əsgər və zabitlərinin qəhrəmanlığı nəticəsində cəmi 44 gün ərzində 30 illik həsrətə son qoyuldu. Ötən il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan işğalçı Ermənistan üzərində tarixi Qələbə qazandı. Doğma Qarabağımız işğaldan azad edildi. Bu savaşda böyük ruh yüksəkliyi ilə Zəfər qazanaraq ərazi bütövlüyümüzü bərpa etdik”.
“Qazanılan Qələbə ilə ürəkləri Vətən eşqi ilə döyünən övladlarımız adlarını çağdaş Azərbaycanın şanlı tarixinə əbədi həkk etdilər” söyləyən V.Rəhimzadə daha sonra vurğulayıb: “Bizim hər birimiz qürur hissi keçiririk ki, belə qəhrəman Vətən oğullarımız var. Onlar Azərbaycan tarixində əbədi yaşayacaqlar”.
V.Rəhimzadə, həmçinin “Xəmsə” milli intellektual oyununun keçirilməsinə münasibət bildirərkən qeyd edib ki, bu cür tədbirlər yeniyetmə və gənclər üçün mühüm əhəmiyyət kəsb edir.
Çıxışdan sonra oyuna start verilib.
“Xəmsə” milli intellektual oyununun nəticələrinə görə, 287 nömrəli Zəkalar Liseyinin “Zəkalar” komandası birinci, 245 nömrəli tam orta məktəbin “Big Brain” komandası ikinci, Humanitar Fənlər təmayüllü məktəb-liseyin “Zəkalar” komandası üçüncü yerə layiq görülüblər.
Sonda qaliblər diplomla mükafatlandırılıblar.