Zəfər salnaməmizin bayraqdarı!
Bakı, 10 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Şərəfli insan ömrü - Zəfər salnaməmizin bayraqdarı!” adlı tədbir təşkil olunub.
Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları Mərkəzin qarşısında yerləşən Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüblər.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən qonaqlar müasir, müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyətindən, onun elmi əsaslara söykənən dövlət quruculuğu siyasətindən, eyni zamanda dövlətçilik təcrübəsi, möhkəm iradəsi, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində respublikamızın hərtərəfli və dinamik inkişaf yolundan danışıblar.
Tədbirdə eyni zamanda Ümummilli Liderə həsr edilmiş “Heydər Əliyev - Müstəqil Azərbaycanın memarı” adlı videoçarx nümayiş olunub və musiqi nömrələri, şeirlər səsləndirilib.