“Zəfər yolu” layihəsi tarixi Zəfərimizə həsr olunub
Bakı, 4 noyabr, AZƏRTAC
Bakı Ali Neft Məktəbində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Zəfər Gününün ildönümünə həsr olunmuş “Zəfər yolu” layihəsinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Milli Məclisin deputatları, ali təhsil müəssisəsinin professor-müəllim və tələbələri, şəhid və qazi ailələrinin üzvləri, kütləvi-informasiya vasitələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə xalqımızın erməni işğalçılarına qarşı mübarizəsindən bəhs edən “Zəfər yolu” filmi təqdim edilib, “Vətənim Azərbaycandır!” adlı esse yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək bildirib ki, Qələbəmiz Azərbaycan xalqının tarixində şanlı bir səhifə açıb. O, şəhidlərimizin qanı bahasına qazanılan bu Zəfərin gənclərimiz tərəfindən qorunmasının vacibliyini qeyd edib.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün qəhrəmanların bu mübarizədə öz rolu və haqqı olduğunu diqqətə çatdırıb.
Milli Məclisin vitse-spikeri Adil Əliyev qəhrəmanlıqla dolu Zəfər tariximizdən bəhs edib və gəncləri qəhrəmanlardan örnək götürməyə çağırıb.
Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin baş giziri Camal İsmayılovun anası Filarə xanım bütün şəhidlərin qəhrəman olduqlarını, onlarla həmişə qürur duyulacağını söyləyib.
Mərasim Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin çıxışı ilə davam edib.