Zəlzələ nəticəsində avtomobil yollarına dəymiş ziyan araşdırılır
Bakı, 7 fevral, AZƏRTAC
Zəlzələ nəticəsində avtomobil yollarına dəymiş ziyan araşdırılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, fevral ayının 5-də gecə saatlarında Şamaxı və İsmayıllı rayonlarında baş vermiş zəlzələ nəticəsində avtomobil yollarının bəzi hissələrində yolların eni və uzunu boyu çatlar əmələ gəlib, sürüşmələr qeydə alınıb.
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-120-ci kilometrlik hissəsində 5 yerdə 1-3 santimetr enində çatlar yaranıb, Şamaxı-Pirqulu-Dəmirçi və Çuxuryurd-Qızmeydan-Pirbəyli avtomobil yollarında da çatlar və sürüşmələr qeydə alınıb. Çatlar İsmayıllı-Muğanlı avtomobil yolunda müşahidə olunur.
Hazırda AAYDA-nın əməkdaşları tərəfindən yollara baxış keçirilir, yollara dəymiş ziyan aktlaşdırılır.