Zəngibasarda yol tikintisi zamanı törədilən erməni vandalizmi – Hadisə şahidi danışır
Bakı, 24 yanvar, AZƏRTAC
1970-ci illərin əvvəllərində Vedibasar, Qəmərli, Zəngibasar, Eçmiədzin, Əşdərək, Leninakan (Gümrü), Amasiya, Qukasyan və digər ərazilərdən keçərək Ermənistanın cənub-qərbini şimal-qərbi ilə birləşdirən yollardan biri kəndimizdən - Dəmirçidən keçirdi. Dəmirçidən Zəngibasar rayonunun mərkəzinə getmək üçün son dayanacağı qonşu Qaraqışlaq (Dostluq) kəndində olan və kəndimizdən keçərək Şöllünün kənarı, Zəngilər, Yuxarı Necili, Aşağı Necili, stansiya Masis və qəsəbə Zəngibasara - rayon mərkəzinə, oradan isə İrəvan şəhərinə gedən 121 nömrəli avtobusa oturar və istədiyimiz ünvana gedərdik. Yeri gəlmişkən, axırıncı dayanacağı bizim kənddə olan 122 nömrəli avtobusla da İrəvana gedə bilirdik. Bu yol daha yaxın idi. Belə ki, biz Şöllü ( Daştavan), HacıElləz (Darakert), Yengicə kəndlərini keçməklə İrəvana çatırdıq. Yəqin kəndlərin adlarına diqqət etdiniz...
Bu fikirləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Mirfaiq Mirheydərli xatirələrini AZƏRTAC-la bölüşərkən səsləndirib.
O qeyd edib: “Bir gün ermənilər yeni yolun çəkilişinə başladılar. Artıq avtomobillər (avtobusların köhnə qeyd etdiyim marşrut üzrə kəndlərin içindən keçməsi qalırdı) Zəngilərdən Yuxarı Necili və Aşağı Neciliyə daxil olmaqla deyil, Zənginlərin ortası və iki kəndin arası ilə birbaşa rayon mərkəzinə çəkiləcək yolla işləyəcəkdilər. Əslində, yolun qısaldılması üçün buraya qədər əla idi... Əla olmayan isə bu prosesin növbəti erməni vandalizminə hazırlıq olması idi. Deməli, Zəngilər kəndində olan, tarixi bir neçə yüz illə ölçülən qədim qəbiristanlıq var idi. Ermənilər qoç heykəlləri, türklüyün nişanəsi olan müxtəlif formalı qəbirüstü daşları olan qəbiristanlığı izimizi itirmək üçün dağıtdılar. Onlar yolu düz qəbiristanlığın ortası ilə saldılar. Onlar qədim nə var idisə hamısını yaxınlıqdakı həyətlərə yığdılar. Nəticədə isə həmin əşyalar tədricən dağılıb getdi”.
Mirfaiq Mirheydərli bildirib ki, ermənilər Şollü və HacıElləz qəbiristanlıqlarını da şumlamışdılar. Azərbaycanlıların yerli xalq olduğunu bildirən əsas yer təbii ki, qəbiristanlıqlar, qədim türk, türk-İslam ornamentlərini özündə əks etdirən tikililər idi. Bu izləri itirmək üçün yol tikintisinin layihələndirilməsində tarixi izimiz “ustalıqla” hədəfə alınır və itirilirdi. Bu yol nədənsə hökmən bizim qədim qəbiristanlıqlarla, digər izlərimizlə toqquşmalı idi...
“Bu yolun tikintisi zaman ya oxumazdım, ya da ibtidai sinifdə oxuyardım. Yazdım ki, gənc nəsil bilsin”, - deyə o qeyd edib.