Zəngilan sakini: Doğma elimizə-obamıza qayıtdığımıza görə şükür edirəm VİDEO
Bakı, 13 may, AZƏRTAC
Zəngilandan çıxanda 27 yaşım var idi. Həmin vaxt iki uşağımı da götürüb buraya gəldim. İndi nəvələrimlə, kürəkənimlə, qızlarımla birlikdə qayıdıram. Təki salamatlıq olsun.
Bu fikirləri Zəngilan şəhərinə köç edən keçmiş məcburi köçkün Məlahət Qurbanova AZƏRTAC-a müsahibəsində deyib.
Köçkünlük həyatının kifayət qədər ağrı-acılı olduğunu bildirən M.Qurbanova gələcəklə bağlı arzularını da dilə gətirib.
“Çox zülm çəkmişəm. Neçə illər kirayələrdə qalmışam, əziyyətlər görmüşəm. Amma yenə də şükür edirəm – həm o günlərə, həm bu günə, həm də qayıtdığım günə. İnşallah, qayıdandan sonra hər şey yaxşı olar.
Əlbəttə ki, arzularımız da var. Arzum odur ki, nəvələrim yaxşı yaşasın, kürəkənim və qızlarım işləyib dolansınlar. Gedək elimizə-obamıza, ömrümüzün qalanını orada sağlam yaşayaq. Allah heç kəsi kiməsə möhtac etməsin”, - deyə o əlavə edib.
Zəngilan sakini, həmçinin ləyaqətli qayıdışa görə Prezident İlham Əliyevə təşəkkür edib, şəhidlərimizə rəhmət, qazilərə və əsgərlərə cansağlığı arzulayıb.