Zərdabda Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və qazilərlə görüş olub
Zərdab, 5 noyabr, AZƏRTAC
Vətən müharibəsində qazanılan Zəfərin ildönümü ilə əlaqədar Zərdab Rayon İcra Hakimiyyətində görüş keçirilib. Görüşdə şəhidlərin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin ötən il sentyabrın 27-də başlanan əks-hücum əməliyyatında işğalçı erməni ordusunu darmadağın etdiyini, Vətən müharibəsinin cəmi 44 gündə tarixi qələbə ilə başa çatdığını vurğulayıb. Qeyd edib ki, bu gün bütün Azərbaycan xalqı 8 Noyabr - Zəfər Gününü qürurla, iftixarla qarşılayır. Əlbəttə, bu tarixi qələbə şəhidlik zirvəsinə ucalan, ağır yaralanan Vətən oğullarının qanı bahasına qazanılıb. Bu insanlar hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Qeyd olunub ki, qəhrəman gənclərimizin Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunub, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə edilib.
Tədbirdə çıxış edənlər şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Görüşün sonunda rayon icra hakimiyyəti tərəfindən şəhidlərin ailə üzvlərinə və qazilərə maddi yardım edilib.