ZİDAN ÖZ HƏRƏKƏTİNİN SƏBƏBİNİ AÇIQLADI
Zidan bildirmişdir ki, hadisə Materatssi onun köynəyindən yapışdıqdan sonra başlandı. “Xahiş etdim ki, maykamdan yapışmağına son qoysun, oyundan sonra maykanı ona elə belə də verə bilərəm. Bundan sonra o, ana və bacımın ünvanına söyüşlər yağdırdı. İstədim məhəl qoymayım. Amma gördüm ki, yox, söz bəzən əməldən kəskin ola bilər. Onun sözləri məni bərk təhqir etdi, özümü saxlaya bilmədim, hər şey bir andaca baş verdi”.
Zidan demişdir: “Lakin mən Materatssini vurduğuma görə ondan üzr istəmək fikrində deyiləm. Üzr istəsəm, belə çıxar ki, onun məni və doğmalarımı təhqir etməyə səbəbi varmış”.
Bununla yanaşı, əfsanəvi fransalı futbolçu vurğulamışdır ki, Fransa-İtaliya görüşünə canlı yayımda baxmış milyonlarla uşaqdan üzr istəyir.
İtaliyalı müdafiəçi etiraf etmişdir ki, biədəb sözləri ilə Zidanın heysiyyətinə toxunmaqda haqlı deyildi. O, Zidanı terrorçu adlandırdığı və doğmalarının ünvanına təhqiramiz sözlər söylədiyi barədə ittihamları rədd etmişdir.
FİFA-nın prezidenti Yozef Blatter isə bəyan etmişdir ki, Fransa yığmasının kapitanı dünya çempionatının ən yaxşı oyunçusu kimi aldığı “Qızıl top” mükafatından məhrum ola bilər. Onun sözlərinə görə, başçılıq etdiyi təşkilat Zidan-Materatssi qarşıdurmasını araşdırır. Təhqiqatın yekunlarına əsasən, təkcə Zidan deyil, Materatssi də cəzalandırıla bilər. FİFA qaydalarında təhqirə görə ciddi cərimələr nəzərdə tutulur.