REGİONLAR
Xocavəndin “Mübarizlər” komandası karate-do üzrə turnirin qalibi olub




Beyləqan, 28 yanvar, AZƏRTAC
Xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində keçirilən karate-do idman növü üzrə zona turnirində Qarabağ bölgəsini əhatə edən 5 komanda mübarizə aparıb.
AZƏRTAC xəbər verir ki, yarış Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən icra edilən “Qarabağ mübarizləri” layihəsi çərçivəsində təşkil olunub.
Layihə rəhbəri, “İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov tədbirdə çıxış edərək, ölkədə uğurla reallaşdırılan gənclər siyasətindən danışıb, layihə və qarşıdakı növbəti yarışlar haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihə çərçivəsində müxtəlif idman yarışlarının keçirilməsində məqsəd gənclərin idmana marağını artırmaq və onlarda vətənpərvərlik hissinin yüksəlməsinə dəstək olmaqdır.
Əlli karateçinin mübarizə apardığı yarışın sonunda qalib gələn Xocavənd rayonunun “Mübarizlər” komandasının üzvlərinə kubok və sertifikatlar təqdim edilib.