Özbəkistan millisinin sabiq futbolçusu: Azərbaycanla idman sahəsində əməkdaşlıq yeni, daha yüksək mərhələyə yüksəlir
Bakı, 24 avqust, AZƏRTAC
Son illərdə Özbəkistan ilə Azərbaycan arasında idman, xüsusilə futbol sahəsində əməkdaşlıq yeni, daha yüksək mərhələyə yüksəlir. İki qardaş ölkə arasında belə qarşılıqlı əlaqənin şahidi olmaq, əlbəttə, çox xoşdur. Xüsusilə FIFA-nın 2027-ci ildə keçiriləcək U-20 dünya çempionatına məhz Özbəkistan və Azərbaycanın ev sahibliyi etməsinə qərar verməsi böyük əhəmiyyət daşıyır. Əminəm ki, bu, hər iki ölkədə futbolun inkişafında çox mühüm addım olacaq. Bundan başqa, özbək boksçuların Azərbaycan bayrağı altında uğurla çıxış etdikləri də mənə məlumdur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Özbəkistan millisinin və “Neftçi”nin sabiq futbolçusu Bahodir Nəsimov deyib.
O bildirib ki, 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək U-20 dünya çempionatı hər iki ölkədə uşaq və yeniyetmə futbolunun inkişafına ciddi təkan verəcək: “Eyni zamanda, futbol infrastrukturu da yeni mərhələyə yüksələcək. Mən peşəkar futbolda karyerama başlayanda şərait tamamilə fərqli idi. Həmin vaxt müasir futbol bazaları və keyfiyyətli meydançalar barədə yalnız xəyal edə bilərdik. Hətta Azərbaycanda çıxış etdiyim dövrdə də bütün meydançaları yaxşı adlandırmaq mümkün deyildi. Amma bildiyimə görə, bu gün ölkənizdə futbol tamamilə yeni səviyyəyə yüksəlib”.
Bahodir Nəsimovun sözlərinə görə, U-20 dünya çempionatı Azərbaycan və Özbəkistan futbolu arasında yeni əməkdaşlıq imkanları yaradacaq: “Fikrimcə, hər iki ölkənin futbolu arasında ilk böyük körpü olacaq. Şübhə etmirəm ki, həm Bakı, həm də Daşkənd beynəlxalq turnirə yüksək səviyyədə ev sahibliyi edəcək. Düşünürəm ki, bundan sonra hər iki ölkə FIFA-nın daha böyük turnirlərini qəbul etmək üçün namizədliyini irəli sürə bilər”.
Veteran futbolçu iki ölkənin klubları arasında futbolçu mübadiləsinin də genişlənəcəyini vurğulayıb: “Əminəm ki, yaxın illərdə Azərbaycan çempionatında özbək legionerlərin sayı artacaq. Vaxtilə Azərbaycanda çıxış edərkən “Neftçi”nin heyətində böyük uğurlar qazandım. Bildiyimə görə, hazırda Umarali Raxmonaliyev də “Sabah”da inamlı çıxışı ilə diqqət çəkir. Buna görə də gələcəkdə Özbəkistan klublarında yüksəksəviyyəli azərbaycanlı legionerlərin meydana çıxmasına təəccüblənmərəm”.
Müxbir – Cavid Əliyev