Aleksander Çeferin: İnfantino 2027-ci il FIFA prezident seçkilərində iştirak etməyə bilər
Bakı, 24 avqust, AZƏRTAC
UEFA prezidenti Aleksander Çeferin FIFA rəhbəri Canni İnfantinonun 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməməsinin mümkün olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, qurum rəhbəri bu barədə “Rest is Politics” podkastında danışıb.
UEFA rəhbərinin sözlərinə görə, vəziyyətin inkişafı ilə bağlı iki mümkün ssenari var. Birinci ssenariyə əsasən, İnfantino həm seçicilər, həm də azarkeşlər, futbolçular, sabiq futbolçular və məşqçilər arasında kifayət qədər dəstəyinin olmadığını anlayaraq seçkilərdə iştirakdan imtina edə bilər.
İkinci ssenari isə Canni mart ayında keçiriləcək seçkilərdə iştirak etməsini nəzərdə tutur. Çeferinin fikrincə, bu halda FIFA prezidenti ilə rəqabət aparacaq namizəd də ortaya çıxacaq. UEFA prezidenti həmin şəxsin kimliyinin hələlik məlum olmadığını qeyd edib.
Aleksander Çeferin, həmçinin bildirib ki, dünya çempionatının yayım hüquqlarının bir hissəsinin satılması təşəbbüsünün müzakirəyə çıxarılmasından sonra Canni İnfantino ilə danışmayıb.
Qeyd edək ki, daha əvvəl Canni İnfantino FIFA-nın əsas kişi və qadın turnirlərinə nəzarət edəcək “FIFA Forward Enterprise” şirkətinin yaradılmasını təklif edib. FIFA-nın hesablamalarına görə, layihənin həyata keçirilməsi quruma təxminən 4,2 milyard ABŞ dolları həcmində əlavə gəlir gətirə, üzv assosiasiyaların gəlirlərinin artırılmasına və dünya futbolunun inkişafına töhfə verə bilərdi.
Lakin təşəbbüs bir sıra futbol konfederasiyaları və təşkilatlarının ciddi tənqidi ilə qarşılaşıb. UEFA, KONKAKAF, Asiya Futbol Konfederasiyası (AFC) və Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) layihəyə dəstək verməyib. UEFA, həmçinin təşəbbüsdən rəsmi şəkildə imtina edilməyənədək FIFA-nın təşkilatçılığı ilə keçirilən turnirləri boykot etmək niyyətində olduğunu açıqlayıb.
Xatırladaq ki, Canni İnfantino 2016-cı ilin fevralında FIFA prezidenti olub və daha sonra iki dəfə rəqibsiz şəkildə yenidən bu vəzifəyə seçilib. O, 2027-ci ilin martında Mərakeşdə keçiriləcək FIFA prezident seçkilərində iştirak etmək niyyətində olduğunu daha əvvəl açıqlayıb.