CƏMİYYƏT
Görkəmli ictimai xadim, oftalmoloq-alim Zəhra Quliyevanın 95 illik yubileyi qeyd edilib VİDEO
Bakı, 18 yanvar, Xəyalə Məmmədova, AZƏRTAC
Yanvarın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) görkəmli ictimai xadim, oftalmoloq-alim, tibb elmləri doktoru, professor Zəhra Quliyevanın 95 illik yubileyinə həsr olunan tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar II Fəxri xiyabanda Zəhra Quliyevanın məzarını ziyarət ediblər.
Dövlət qurumları təmsilçilərinin, Milli Məclisin deputatlarının, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbirdə Zəhra Quliyevanın zəngin həyat yolundan, pedaqoji və həkimlik fəaliyyətindən söhbət açılıb.
AQUPDK-nın sədri Hicran Hüseynova Zəhra Quliyevanın ictimai-siyasi fəaliyyətindən bəhs edib. Bildirib ki, o, Qadın Problemləri üzrə Dövlət Komitəsinin (indiki AQUPDK) ilk sədri olub. Qadın hərəkatına çox yaxşı bələd olan Zəhra Quliyeva onların problemlərini hər zaman diqqətdə saxlayıb. Zəhra Quliyeva dünyanın bir çox ölkələrində keçirilmiş qurultaylarda, elmi simpoziumlarda, yüksək səviyyəli toplantılarda iştirak edib, beynəlxalq tədbirlərdə Azərbaycan qadınlarını təmsil edib. Ümumiyyətlə, o, komitənin sədri kimi ona müraciət edən çoxsaylı insanların problemlərinə biganə qala bilmir, onlara bacardığı qədər kömək edirdi. Zəhra Quliyeva çox sevinirdi ki, bu gün qadınlarımız təkcə ailə çərçivəsindəki fəaliyyətləri ilə kifayətlənmir, bütövlükdə cəmiyyətin həyatında iştirak edirlər.
Ombudsman Elmira Süleymanova çıxışında bildirib ki, professor Zəhra Quliyeva 150-dən artıq elmi işin, 3 monoqrafiyanın, dərsliklərin, bir neçə dərs vəsaitinin, ixtiraların və səmərələşdirici təkliflərin müəllifidir. İşinin vurğunu olan Zəhra Quliyeva yüzlərlə xəstənin gözünə nur verib. Görkəmli elm xadimi uzun illər Azərbaycan Tibb Universitetinin rektoru olub və ictimai fəaliyyəti ilə respublikamızın həyatında mühüm rol oynayıb. Ayrı-ayrı illərdə səhiyyə sahəsindəki xidmətlərinə görə yüksək dövlət mükafatlarına layiq görülüb.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə bildirib ki, Zəhra Quliyeva Azərbaycanın milli mənəvi dəyərlərini öz həyatında yaşadan və gələcək nəsillərə ötürən bir şəxsiyyət olub. Tibb elminə verdiyi töhfələrlə, vətənpərvərliyi, natiqlik bacarığı, yüksək mədəniyyəti ilə ölkədə nüfuz qazanıb. İstedadlı oftalmoloq-alim kimi onu hamı sevir, fəaliyyətini yüksək qiymətləndirir.
Azərbaycan Tibb Universitetinin oftalmologiya kafedrasının müdiri, professor Paşa Qəlbinur, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar İncəsənət Xadimi Zərifə Salahova və digər çıxışçılar bildiriblər ki, professor Zəhra Quliyeva həmişə özünə və əqidəsinə sadiq insan idi. Hansı vəzifədə işləməsindən asılı olmayaraq illər onu heç də dəyişdirə bilmədi. Keçmiş SSRİ-nin və müstəqil Azərbaycanın bir sıra yüksək dövlət mükafatları, orden-medalları ilə təltif olunan Zəhra Quliyevanın adı və əməlləri onun ardıcıllarının, yetirmələrinin yaddaşında əbədi iz qoyub.
Tədbirdə oftalmoloq-alim, professor Zəhra Quliyevanın həyatına həsr olunan film nümayiş etdirilib.
Zəhra Quliyevanın ailəsi adından çıxış edən qızı Cəmilə Səttarova anasının xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirib. O, tanınmış ziyalı, ictimai xadim Zəhra Quliyevanın xatirəsinə göstərilən hörmət və ehtiramı yüksək dəyərləndirdiklərini vurğulayıb.