Xətai rayonu ərazisindəki Məhəmməd Hadi küçəsi yenidən qurulur VİDEO
Bakı, 9 mart, AZƏRTAC
Paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik küçə və prospektlərin yenidən qurulması işləri çərçivəsində Xətai rayonu ərazisindəki Məhəmməd Hadi küçəsində təmir-tikinti işləri aparılır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən açıqlama verilib.
Məlumata əsasən, küçənin 6 hərəkət zolaqlı olmaqla, uzunluğu 4,4 kilometr təşkil edir. Başlanğıcını Qara Qarayev və Babək prospektləri ilə kəsişməsindən götürən küçə Xətai rayonunun intensiv nəqliyyat axını olan küçələri ilə kəsişir.
Təmir-tikinti işləri çərçivəsində küçəboyu 130 min kvadratmetrdən çox sahədə tam yeni və müasir yol infrastrukturu yaradılır. Layihəyə uyğun olaraq, küçəboyu köhnə asfalt-beton örtüyü frezlənərək kənara daşınır, zəruri yeraltı kommunikasiya xətləri yenilənir və yolun hərəkət hissəsindən kənara çıxarılır, səth sularının kənarlaşdırılması üçün zəruri olan yerlərdə yeni yağış-kanalizasiya sistemi yaradılır, mövcud sistem isə bərpa olunaraq işlək vəziyyətə salınır.
Bundan başqa, küçəboyu yeni piyada səkiləri inşa edilir və mövcud səkilər bərpa olunaraq asfaltlanır, kənarlarına yeni səki daşları düzülür. Ümumilikdə səkilərin kənarlarına 22 min poqonmetrdən çox yeni səki daşının düzülməsi nəzərdə tutulub. Həmçinin küçəni iki hərəkət istiqamətinə ayırmaq üçün 1 metr enində ayrıcı zolaq inşa edilir. Sutkanın qaranlıq saatlarında küçəni işıqlandırmaqla təhlükəsiz hərəkətin təşkili üçün ayrıcı zolaqda yeni işıq dirəkləri quraşdırılır.
Tikinti layihəsinə uyğun olaraq küçəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir. Asfaltlanma işləri 135 min kvadratmetr sahəni əhatə edəcək. Həmçinin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədilə Məhəmməd Hadi küçəsi boyunca 27 ədəd xüsusi “cib”li dayanacaqların yaradılması, 70 ədəd zəruri yol nişanın quraşdırılması və üfüqi nişanlama xətlərinin çəkilməsi də layihədə nəzərdə tutulub.
Qeyd olunub ki, küçənin təqribən 1 kilometrlik hissəsində təmir-tikinti işləri artıq yekunlaşdırılıb. Digər hissədə isə işlər lazımi sayda qüvvə cəlb olunmaqla yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. Yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.