Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO
Tbilisi, 3 oktyabr, AZƏRTAC
Oktyabrın 3-də Tbilisidə paytaxtın ən böyük və rəngarəng xalq bayramı – “Tbilisoba” (Tbilisinin şəhər günü) qeyd olunub.
AZƏRTAC xəbər verir ki, ilk dəfə 1979-cu ildə keçirilən bu bayram hər il oktyabrın ilk həftəsonunda (məhsul yığımı başa çatdıqdan sonra) təşkil edilir. Tədbirin əsas məqsədi paytaxtın tarixini, mədəniyyətini təbliğ etmək və Gürcüstanın regionlarını tanıtmaqdır.
İki gün davam edəcək bayram günlərində şəhərin mərkəzi küçə və meydanlarında incəsənət ustalarının, rəqs ansambllarının çıxışları, teatr tamaşaları, əl işləri yarmarkaları, eləcə də şərab, bal, çurçxela və ənənəvi şirniyyatların dequstasiyası təşkil olunur. Tədbirə müxtəlif bölgələrdən qatılan fermerlər öz məhsullarını sərgiləyirlər. Tbilisoba, həmçinin "Tbilisinin fəxri vətəndaşı" adının təqdimolunma mərasimi ilə yadda qalır.
Ənənəvi xalq bayramında Gürcüstanda yaşayan soydaşlarımız da fəal iştirak edirlər. Bayram çərçivəsində paytaxtın Abanotubani küçəsində "Gürcüstanın Aktiv Azərbaycanlı Qadınlar Assosiasiyası" və M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə Azərbaycan guşəsi açılıb. Guşədə milli mədəniyyət nümunələrimiz, mətbəximizin dadlı təamları – paxlava, şəkərbura, şorqoğalı, plov, dolma, həmçinin isti sac üstündə bişirilən qutablar nümayiş olunub. Qonaqlar zəngin mətbəx nümunələrindən dadıb, ətirli Azərbaycan çayına qonaq ediliblər.
Tbilisi Meriyasının və bələdiyyəsinin nümayəndələri Azərbaycan guşəsini ziyarət edərək milli təamlarımızla tanış olublar.
Gürcüstanın Aktiv Azərbaycanlı Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva qonaqlara xatirə hədiyyələri təqdim edib.
Bayram tədbirində "Ceyran" Azərbaycan rəqs ansamblının üzvləri çıxış ediblər. Onların ifasında təqdim olunan "Uzundərə" və "Sarı gəlin" rəqsləri tədbir iştirakçıları tərəfindən hərarətlə qarşılanıb.