CƏMİYYƏT
“ASAN xidmət”ə 27 milyonuncu müraciət qeydə alınıb VİDEO
Bakı, 13 fevral, AZƏRTAC
"ASAN xidmət”ə 27 milyonuncu müraciət qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu müraciət 1 saylı Bakı "ASAN Kommunal" mərkəzinə Fərman Hacıyev tərəfindən edilib. O, “Azəriqaz” İstehsalat Birliyi, “Azərişıq” və “Azərsu” Açıq Səhmdar cəmiyyətləri tərəfindən həyata keçirilən xidmətlərdən yararlanıb. İyirmi yeddi milyonuncu müraciətin sahibi kimi Fərman Hacıyev təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib ki, vətəndaşların məmnunluq səviyyəsinin öyrənilməsi ilə bağlı araşdırmalar aparılır. O, müraciətlərin çoxluğuna görə paytaxtda daha bir “ASAN Kommunal”ın açılmasının nəzərdə tutulduğunu qeyd edib: “Bakıda əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 "ASAN Kommunal" mərkəzi fəaliyyətdədir. Həmçinin 3 saylı “ASAN Kommunal” mərkəzi fəaliyyətə başlayacaq. Hazırda ölkəmizdə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakıda, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir. Bu il daha 5 mərkəzin açılması planlaşdırılır. Belə ki, Tovuz, Balakən, Şamaxı, Ağcabədi və Kürdəmirdə “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayacaq. Ümumilikdə, ölkə üzrə mərkəzlərin sayı 20-yə çatacaq. Bundan başqa, rayonlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir”.
İyirmi yeddi milyonuncu müraciətin sahibi göstərilən xidmətlərdən məmnunluğunu ifadə edib və təşəkkürünü bildirib.