REGİONLAR
Xaçmazda polis əməkdaşları sosial dəstəyə ehtiyacı olan yaşlı insanlara ərzaq yardımı edib VİDEO
Xaçmaz, 14 aprel, Elxan Yusifli, AZƏRTAC
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları ölkə ərazisində həyata keçirilən “Evdə qal” aksiyasına qoşularaq sosial dəstəyə ehtiyacı olan yaşlı insanlara ərzaq yardımı ediblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşları rayonun müxtəlif ərazilərində yaşayan 30-dan çox ailəyə baş çəkərək, ərzaq məhsullarından ibarət bağlamaları onlara təqdim ediblər. Polislər qonağı olduqları evlərdə yaşlı insanlarla səmimi söhbətlər edib, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə elan olunan xüsusi karantin rejiminə əməl edilməsinin zəruriliyi barədə danışıblar.
Yaşlı rayon sakinləri xüsusi karantin rejiminin tətbiq olunduğu bu günlərdə onları unutmayan və qayğılarına qalan Azərbaycan polisinə minnətdar olduqlarını bildiriblər.