Bakıda əvvəllər məhkum olunmuş şəxsdən “Kalaşnikov” markalı avtomat silah aşkarlanıb VİDEO
Bakı, 25 fevral, AZƏRTAC
Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarış və Sabunçu Rayon Polis idarələrinin əməkdaşları qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində birgə əməliyyat tədbiri həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəllər dəfələrlə məhkum olunmuş Çingiz Quliyevin üzərində qanunsuz odlu silah-sursat gəzdirməsi barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin şəxs qısa vaxtda Sabunçu rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən “Kalaşnikov” markalı avtomat silah, iki sandıqça və otuz patron aşkarlanaraq götürülüb. Çingiz Quliyev silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq, polis əməkdaşlarına təhvil vermədiyini bildirib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin istintaq şöbəsində Çingiz Quliyev barəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.