REGİONLAR
Tovuzda Ermənistan ordusunun artilleriya zərbələri ilə dağıtdığı evlər bərpa olunub VİDEO












Bakı, 12 iyul, AZƏRTAC
2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı törətdiyi təxribatdan bir il ötür.
Erməni ordusu həmin ərəfədə mülki əhalini də hədəfə alaraq Tovuz rayonunun Ağdam, Əlibəyli, Dondar Quşçu, Hacallı və digər kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmuşdu. Mərmiyə ən çox tuş gələn isə Ağdam kəndi olmuşdu. Bu təxribat nəticəsində kənd sakini Əziz Əzizov həlak olmuş, mülki obyektlərə külli miqdarda ziyan dəymişdi. Təkcə Dondar Quşçu kəndinin ərazisinə 20-dək top mərmisi düşmüşdü.
Tovuz rayonuna ezam edilən AZƏRTAC-ın əməkdaşları ilə söhbət zamanı Dondar Quşçu kənd sakinləri Telarə Əliyeva və Bəhruz Abdullayev artilleriya zərbələri nəticəsində dağılmış evlərinin yenidən tikildiyini dedilər. Kənd sakinləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Dağıdılmış evlərin əvəzinə hazırda 12 yeni ev tikilib. Onlardan 3-ü Ağdam, 3-ü Vahidli, 2-si Dondar Quşçu, 2-si Yuxarı Öysüzlü, 2-si isə Hacalılı və Koxanəbi kəndlərində inşa edilib. Bundan başqa, 61 evdə təmir-bərpa işləri aparılıb. Həmçinin təsərrüfatına ziyan dəymiş 3 nəfərə mal-qara verilib. Ağdam kəndində elektrik yarımstansiyası qurulub. Ağdam və Dondar Quşçu kəndlərinin zərər çəkmiş qaz təsərrüfatı da tam bərpa olunub.