Türkiyədə yanğının elektrik stansiyalarına keçməməsi üçün ciddi tədbirlər görülür VİDEO
Marmaris, 6 avqust, AZƏRTAC
Türkiyənin Muğla vilayətinin Milas rayonunda yerləşən Kəmərköy İstilik Elektrik Stansiyasında (İES) və Yeniköy İES-də yanğın təhlükəsizlik tədbirləri maksimum gücləndirilib.
AZƏRTAC-ın bölgəyə ezam edilən xüsusi müxbiri avqustun 6-da hər iki stansiyadakı vəziyyətlə yerində tanış olub.
Yol polisi yanğın bölgəsinə doğru hərəkət edən nəqliyyat vasitələrini diqqətlə yoxlayır. Yerli bələdiyyə və digər qurumların maşınları sisternlərlə əraziyə davamlı olaraq su daşıyırlar. Bundan başqa, stansiyaların girişində daxili qoşunlara məxsus nasoslu su maşınları və ağır texnika cəmləşdirilib. Helikopterlər dayanmadan yanğına müdaxilə edirlər.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirlinin məlumatına görə, hər iki İES-də yanğın təhlükəsizliyi tədbirləri öz təsirini göstərib.
Məmurlardan əldə etdiyimiz məlumatlara görə, alovların stansiyaların ərazisinə doğru səmt almasının qarşısı alınıb. Ən böyük təhlükə isə istiqamətini tez-tez dəyişən küləkdir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Türkiyədə olan yanğın-xilasetmə qüvvələri stansiyalara olan yanğın təhlükəsi ilə əlaqədar yerli qüvvələrlə birlikdə avqustun 5-də səhər saatlarında yanğını söndürməyə müvəffəq olublar. Bununla da yanğının yaxınlıqda yerləşən Yeniköy İES-ə keçməsinin qarşısı alınıb.
Hər iki İES-in bölgənin elektrik enerjisi ilə təchizatında strateji rol oynadığı nəzərə alınaraq, Kəmərköy və Yeniköy stansiyaları Azərbaycan FHN-in qüvvələri tərəfindən yanğından mühafizəyə götürülüb.
Hazırda Azərbaycan yanğınsöndürənləri zəruri texnikalarla birlikdə stansiyaların ərazisində missiyalarını müvəffəqiyyətlə yerinə yetirirlər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Marmaris