Kür çayında daşqının baş vermə ehtimalı olan döngələr beton sədlə bərkidilir FOTO VİDEO
Sabirabad, 19 avqust, A.Yavərzadə, AZƏRTAC
Kür çayı boyunca sahil bərkitmə işləri davam etdirilir. Əsasən çayın daha təhlükəli ola biləcək, itibucaq altındakı sərt döngələrində daş-beton sədlər çəkilir. Məqsəd baş verə biləcək sel daşqınlarının qarşısının alınması və çay boyunca yerləşən təsərrüfatların mühafizəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində olan Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi tərəfindən bənd bərkitmə işləri plana uyğun olaraq davam etdirilir. İdarənin balansında ümumi uzunluğu 1491,03 kilometr olan torpaq mühafizə bəndləri var. Bəndlərin 935,88 kilometri Kür çayı, 134,17 kilometri Araz çayı, 421 kilometri isə dağ çayları boyunca yerləşir.
Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin rəisi Elman Nuriyev bildirib ki, 2012-2020-ci illərdə qaya uçqunlarının qarşısının alınması məqsədilə 12345 poqonometr, 327418 kubmetr həcmində daş-betonla sahilbərkitmə işləri aparılıb. 2020-ci ildə isə cari təmir planına uyğun olaraq, 4740 kubmetr, podrat üsulla isə 1910 min kubmetrlik torpaq işləri yerinə yetirilib. Həmçinin əsaslı təmir planı üzrə 1519 poqonometr, cari təmir hesabına isə 288 poqonometr sahilbərkitmə işləri görülüb. 578,9 kubmetr həcmində torpaq işlərinin, eləcə də 2315 poqonometr uzunluğunda, 45380 kubmetr həcmində daş-betonla sahilbərkitmə işlərinin aparılması da nəzərdə tutulub.
“Hazırda Kür çayı boyunca işlər davam edir. Bu çayın 906 kilometri ölkəmizin ərazisindən keçir və hesablamalara görə, 2000-dən çox döngə var. Onlardan 700-ü isə daha iti bucaq altında olduğu üçün sahilyuma prosesi də intensiv olur. Hazırda Sabirabadın Qasımbəyli və Axtaçı kəndləri ərazisində Kür çayının sərt döngələrində sahil hissə daş-betonla bərkidilir. Qasımbəyli kəndində 2315 metr məsafənin 320 metrində işlər tamamlanmaq üzrədir. Salyan rayonu üzrə Çuxanlıda 90 poqonometr, Noxudluda 150 poqonometr uzunluqda işlər başa çatdırılıb. Daha sonra Qazax rayonunun Birinci Şıxlı, Neftçala rayonunun Beşdəli, Qaraümmanı kəndləri və Xıllı qəsəbəsində bəndbərkitmə işləri görüləcək”, - deyə o əlavə edib.
Ötən illərdə Kür çayında iki dəfə daşqının şahidi olan Sabirabadın Qasımbəyi kənd sakini Əlövsət Ənnağıyev deyir ki, görülən işlər baş verə biləcək təhlükənin qarşısının alınmasında əhəmiyyətli rol oynayır: “Əvvəllər bu daş bəndlər yox idi, “fasın” deyilən yulğun ağac məftillərlə bağlanaraq atılırdı, lakin o da tez sıradan çıxırdı. İndi isə daş-betonla bərkitmə işləri aparılır. Ömrü də uzun olur və təhlükənin qarşısını alır. Kəndimiz 1969-cu və 2010-cu illərdə daşqınla üz-üzə qalıb, çox təhlükəli vəziyyət yaranmışdı. Lakin indi bu təhlükə demək olar ki, yoxdur, çünki bəndlər əvvəlki kimi deyil, eyni zamanda, daha hündürdür”, - deyə kənd sakini bildirib.
İdarədən verilən məlumata görə, 2021-ci ilin 7 ayında, ümumilikdə, 55,7 kilometr bənd təmiri, 61,4 kilometr qayakəsmə, 4,9 kilometr isə məcratəmizləmə işləri görülüb. Bu işlər Qazax, Ağcabədi, Ucar, Zərdab, Kürdəmir, Hacıqabul, Salyan, Neftçala və digər rayonların ərazisində Kür çayı boyunca, Saatlı və İmişli rayonları ərazisində Araz çayı boyunca, Ucar, Göyçay və Kürdəmir rayonları ərazisində isə dağ çayları boyunca yerləşən mühafizə bəndlərində və çay sahillərində icra olunub.