Gənclər arasında narkotik vasitələrin təbliği və satışı ilə məşğul olan şəxs tutulub VİDEO
Bakı, 21 avqust, AZƏRTAC
Abşeron Rayon Polis İdarəsinin Qobu polis bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat-axtarış tədbiri nəticəsində Qobu və Hökməli qəsəbələrində gənclər arasında narkotik vasitələrin təbliği və satışı ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat məlumatı əsasında keçirilən tədbirlər zamanı əvvəllər də eyni əmələ görə dəfələrlə məhkum olunmuş Abşeron rayon sakini Ağamədi Niyazov yaşadığı Hökməli qəsəbəsində tutulub. Onun üzərində axtarış aparılan zaman 12 qrama yaxın heroin, 5 qram metamfetamin və elektron tərəzi aşkar olunub. Saxlanılan şəxs ifadəsində Hökməli və Qobu qəsəbələrində narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.
Təyin edilmiş ekspertiza zamanı Ağamədi Niyazovdan aşkarlanan elektron tərəzinin üzərindən heroin izlərinin müəyyənləşdirilməsi və psixotrop maddələrin hazır bükümlər şəklində bölünərək qablaşdırılması onun bir daha narkotik vasitələrin satışı ilə məşğul olduğunu deməyə əsas verir.
Faktla bağlı Qobu polis bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Saxlanılan şəxsin narkotik maddələri əldə etdiyi mənbənin aşkar olunması istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.