ELM VƏ TƏHSİL
Tarix Muzeyinin 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans
Bakı, 25 oktyabr, AZƏRTAC
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) 100 illiyinə həsr olunan tədbirlər çərçivəsində “Muzey - XXI əsrdə. Klassikliklə interaktivliyin nisbəti problemləri” adlı beynəlxalq elmi konfrans keçirilib.
Muzeyin 2020-ci ildə 100 illik yubileyi qeyd edilib.
Tarix Muzeyindən AZƏRTAC-a bildiriblər ki, pandemiya şəraiti ilə əlaqədar olaraq onlayn formatda keçirilən tədbirdə Azərbaycanla yanaşı Gürcüstan, Qazaxıstan, Rusiya, Türkiyə və Ukraynadan olan alimlər və mütəxəssislər iştirak ediblər.
Konfransda çıxış edən muzeyin baş direktoru akademik Nailə Vəlixanlı 100 illik yubiley çərçivəsində görülmüş işlər haqqında məlumat verib.
Sonra bölmə iclasları olub. Tədbir iştirakçılarının “Muzeylərin “gizli” həyatı”, “Kəmiyyət və keyfiyyət”, “Məqsədli kapital” və “Muzey menecmenti” istiqamətlərində məruzələri dinlənilib, müzakirələr aparılıb.