195 Çağrı Mərkəzində “Asan İmza” ilə vergi xidmətlərindən istifadə mümkündür
Bakı, 3 noyabr, AZƏRTAC
195 Çağrı Mərkəzində “Asan İmza” ilə vergi xidmətlərindən istifadə mümkündür.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, vergi ödəyiciləri kompyuter və internetdən belə istifadəyə ehtiyac duymayaraq Çağrı Mərkəzinə müraciət edərək bu xidmətlərdən faydalana bilərlər. Bu zaman Çağrı Mərkəzinin operatoru müraciət edənin “Asan İmza” nömrəsini soruşur və sistem üzərindən onun nömrəsinə təsdiq mesajı (autentifikasiya PIN sorğusu) göndərir. Həmin mesaj vasitəsilə Çağrı Mərkəzinin sistemində autentifikasiya olunmaqla (mobil telefonunda “Asan İmza” autentifikasiya PIN kodunu daxil etməklə) vergi ödəyicisi sistemdə öz şəxsiyyətini təsdiq etmiş olur.
Daha sonra Çağrı Mərkəzinin operatoru vergi ödəyicisinin istifadə etmək istədiyi xidməti sistemdə seçir (misal üçün, vergi bəyannamələrinin göndərilməsi) və sonuncu operatora sistemə daxil edilməli olan məlumatları bildirir. Operator məlumatları sistemə daxil etdikdən sonra yaranacaq vergi öhdəliyini göstərən SMS bildirişi sistem üzərindən vergi ödəyicisinin mobil telefonuna göndərir. Vergi ödəyicisi SMS şəklində gələn vergi bəyannaməsinin məlumatları ilə tanış olduqdan sonra Çağrı Mərkəzinin operatoru sistem üzərindən onun telefonuna imzalama PIN sorğusunu göndərir. Öz növbəsində, vergi ödəyicisi “Asan İmza” PIN2 kodunu mobil telefonunda daxil edərək bəyannaməni imzalayır və sənəd sistem tərəfindən qəbul olunur. Paralel olaraq, icra edilmiş əməliyyat barədə məlumatlar avtomatik olaraq vergi ödəyicisinin İnternet Vergi İdarəsində olan virtual kabinetində qeydə alınır.
Hazırda vergi ödəyiciləri 195 Çağrı Mərkəzinə müraciət edərək “Asan İmza”dan istifadə etməklə vergi bəyannamələrinin göndərilməsi, fiziki şəxsin vergi orqanlarında dövlət qeydiyyatına alınması və şirkət üçün bank hesabının açılması üçün müraciət edilməsi kimi xidmətlərdən yararlana bilər. Bu xidmətlərdən istifadə üçün Çağrı Mərkəzinə həm mobil, həm də stasionar telefonlardan zəng etmək mümkündür, lakin əməliyyatların “Asan İmza” vasitəsilə təsdiq edilməsi-imzalanması zəruridir.
Araşdırmalarla müəyyən edilib ki, elektron xidmətlərin mobil identifikasiya və imzalama xidməti ilə inteqrasiya edilmiş çağrı mərkəzi vasitəsilə istifadəçilərə bu cür unikal formatda təqdim edilməsi təcrübəsi ilk dəfə olaraq Azərbaycanda tətbiq edilib və bu modelin bir çox üstünlükləri var. Maliyyə bilikləri və kompyuterdən istifadə bacarıqları məhdud olan insanlar üçün bu əvəzedilməz bir mexanizmdir - əməliyyatların icrası zamanı çağrı mərkəzinin operatorlarının peşəkar yardımı ilə onlar öz hesabatlarını heç bir çətinlik olmadan müvafiq strukturlara təqdim edə bilir. Vətəndaş və dövlət arasında bu cür ünsiyyət mexanizmi həm də büdcə vəsaitlərinə qənaət etmək imkanı verir - bu yolla, səhvən doldurulmuş sənədlərin qəbul edilməsi ehtimalı aradan qalxır, həmçinin daxil olan sənədlərin yoxlanılması və emalı üçün əlavə insan resurslarına çəkilən xərclərə ehtiyac qalmır.