ORDU
Hərbi Akademiyada Bolqarıstanın nümayəndə heyəti ilə görüş keçirilib VİDEO
Bakı, 18 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev Bolqarıstan Respublikasının G.S.Rakovski adına Hərbi Akademiyasının rəisi general-mayor Qrudi Angelovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin dostluq və səmərəli əməkdaşlıq üzərində qurulduğunu vurğulayan general-leytenant Heydər Piriyev ölkəmizdə müasir ordu quruculuğu və hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, ölkəmizdə hərbi təhsil sistemi müasir dünya praktikası və Vətən müharibəsində qazanılan təcrübələr də nəzərə alınmaqla həyata keçirilir.
Qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-mayor Q.Angelov qeyd edib ki, peşəkar zabit kadrlarının hazırlanması Bolqarıstan Silahlı Qüvvələrində də prioritet sahələrdəndir.
Söhbət zamanı tərəflər təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərini və qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər.
Sonra hər iki ölkənin hərbi təhsil sistemləri, eləcə də Hərbi Akademiyanın tarixi və fəaliyyəti barədə brifinqlər təqdim olunub. Bolqarıstanın nümayəndə heyəti burada keçirilən dərs prosesi ilə tanış olub.
Sonda qonaqların Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil edilib.