REGİONLAR
19 illik ömrünün yeganə yalanı...



Bakı, 1 dekabr, Firuz Novruzov, AZƏRTAC
O, hər dəfə zəng vuranda nəinki ailə üzvlərinə, hətta dostlarına, yaxınlarına da “məndən narahat olmayın, arxa mövqedəyəm” deyirmiş. 2020-ci il oktyabrın 27-dək. Həmin gün Sumqayıt şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsindən Müşfiq Abbas oğlu Bəktiyevin şəhid olduğu barədə xəbəri alana qədər ailə üzvləri, yaxınları elə bilirlərmiş ki, Müşfiq arxa mövqedə, ehtiyat bölüyündədir.
Onu tanıyanlar bilirlər ki, bu, Vətən müharibəsinə qatılanda 19 yaşın içində olan, amma yaşını qeyd etməyə macal tapmayan qəhrəmanımızın həyatı boyu danışdığı yeganə yalan olub.
Əzizləri, yaxınları Sumqayıt şəhərinin Corat qəsəbəsində anadan olan, Müdafiə Nazirliyinin hərbi hissəsində xidmət keçən və sentyabrın 27-də ərazi bütövlüyümüz uğrunda döyüşlərə qatılan Müşfiq Bəktiyevi belə də xatırlayacaqlar.
AZƏRTAC xəbər verir ki, Müşfiq Füzuli, Cəbrayıl, Hadrut və Xocavənd uğrunda gedən döyüşlərdə özünü cəsur və qorxmaz hərbçi kimi göstərib. Oktyabrın 27-də sonuncu döyüşü Xocavənd istiqamətində olub. 2020-ci il oktyabrın 29-da Sumqayıt Şəhidlər xiyabanında, silah qardaşlarının əhatəsində canından da çox sevdiyi Vətən torpağına tapşırılıb.
Qəhrəmanımızın torpaqlarımızın işğaldan azad edilməsində göstərdiyi şəxsi rəşadət dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.