2008-Cİ İLDƏ ƏDALƏTLİ OYUN PRİNSİPLƏRİNƏ RİAYƏT EDƏN İDMAN XADİMLƏRİ MÜKAFATLANDIRILMIŞLAR
AZƏRTAC xəbər verir ki, dekabrın 19-da Milli Olimpiya Komitəsində MOK 2008-ci ildə ədalətli oyun prinsiplərinə riayət edən bir qrup idman xadimi müxtəlif nominasiyalar üzrə mükafatlara layiq görülmüşlər.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə ədalətli oyun prinsiplərinə sadiq qalan bədən tərbiyəsi və idman xadimi nominasiyası üzrə qalib olmuşdur.
Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyev ən ədalətli hakim, cüdo üzrə yığma komandamızın çalışdırıcısı Ağayar Axundzadə - məşqçi, Pekin Olimpiadasının gümüş mükafatçısı, Avropa çempionu Rövşən Bayramov isə ən ədalətli idmançı nominasiyaları üzrə qalib olmuşlar. Ən ədalətli təbliğatçı nominasiyasında mükafat Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin idman redaksiyasının müdiri Elnur Əşrəfoğluya təqdim olunmuşdur.
Qaliblər idman cəmiyyəti və klublar arasında keçirilən sorğuya əsasən seçilmişlər.
Çingiz Hüseynzadə, Azərbaycan Ədalətli Oyunlar Komitəsinin (AƏOK) prezidenti, MOK-un vitse-prezidenti Xəzər İsayev son illər Azərbaycanda bədən tərbiyəsi və idman sahəsində ədalət prinsiplərinin dəstəklənməsində, respublikamızın idman ictimaiyyətinin maraqlarının müdafiəsində ədalətli oyunlar hərəkatının əhəmiyyətli rolunu vurğulamışlar. AƏOK-un məqsədi idmanla məşğul olmaq üçün hamıya bərabər şərait yaratmaq, hakim ədalətsizliyinin qarşısını almaq, yarış qaydalarını pozanları cəzalandırmaqdan ibarətdir.
Vurğulanmışdır ki, bu sahədə görülən məqsədyönlü işin nəticəsi kimi 2009-cu ildə Avropa Ədalətli Oyunlar Hərəkatının Konqressi və Baş Assambleyasının Bakıda keçirilməsi qərara alınmışdır.
Tədbirdə Azərbaycanda olimpiya hərəkatının inkişafı, ədalətli oyun prinisplərinə riayət olunması ilə bağlı film nümayiş etdirilmişdir.