20 Yanvar şəhidlərinin xatirəsi daim qəlbimizdə yaşayacaq
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 17-də Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixində qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nazirliyin Veteranlar Şurasının sədri Fərhad Süleymanov 20 Yanvar hadisələri haqqında danışaraq, Vətənimizin müstəqilliyi, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu deyib. O, 20 Yanvar faciəsinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini, dahi şəxsiyyətin banisi olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasının məsuliyyətinin dərk olunmasının vacibliyindən danışıb.
Qeyd edilib ki, sovet imperiyası tərəfindən xüsusi qəddarlıqla törədilən bu qanlı cinayət, dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklərlə divan tutulması xalqımızın müstəqillik əzmini birdəfəlik sındırmaq məqsədi daşıyırdı. Lakin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bəyan etdiyi kimi, “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi”.
Polis Akademiyası rəisinin böyük köməkçisi, polis polkovnik-leytenantı Osman Vəliyev çıxışında tarixi faktları gənc kursantların diqqətinə çatdırıb. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilib, dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilib.
Qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və rayonlarda 140-dan çox insan öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub. Azğınlaşmış ordu və muzdlu silahlı dəstələr tərəfindən 200 ev, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis əməkdaşları olublar.
Çıxışlarda 20 Yanvar faciəsinin, eləcə də xalqımıza qarşı törədilmiş digər ağır cinayətlərin dünya ictimaiyyəti və beynəlxalq qurumlar tərəfindən tanınması və ona insanlıq əleyhinə cinayət kimi siyasi-hüquqi qiymətin verilməsi, günahkarların cəzalandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasətin əhəmiyyəti xüsusi vurğulanıb. Qeyd edilib ki, xalqımızın milli birliyinə mühüm təkan verən və Azərbaycan tarixinin şanlı səhifələrindən biri olan 20 Yanvar şəhidlərinin xatirəsi daim qəlblərimizdə yaşayacaq.