“20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda anım tədbiri keçirilib
Bakı, 17 yanvar, AZƏRTAC
Yanvarın 17-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında “20 Yanvar xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə dövlət himni səsləndirilib, faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra 20 Yanvar hadisələrinə dair film nümayiş olunub.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək 20 Yanvarın Azərbaycan xalqının müstəqillik mübarizəsində mühüm mərhələ olduğunu vurğulayıb. O, 28 il əvvəl Azərbaycanın azadlığı, suverenliyi arzusu ilə ayağa qalxmış dinc insanlara qarşı sovet imperiyasının silahlı birləşmələrinin törətdiyi cinayətlərdən danışıb. Nazir müavini 20 Yanvar hadisələrini faciə kimi yox, milli tariximizin şanlı qəhrəmanlıq səhifələrindən biri kimi qiymətləndirib.
20 Yanvar faciəsinə ilk siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini vurğulayan İ.Babayev diqqətə çatdırıb ki, dahi şəxsiyyət özü və ailəsi üçün yaranan təhlükəyə baxmayaraq, xalqının haqq səsini dünyaya çatdırmaq üçün ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Bakıda törədilən qırğınlara siyasi qiymət verilməsini, günahkarların cəzalandırılmasını tələb etdi. Məhz Ulu Öndərin səyləri nəticəsində 20 Yanvar faciəsi barədə həqiqətlərin dünyaya çatdırılması işində mühüm irəliləyiş əldə olundu, bu faciəyə ilk hüquqi-siyasi qiymət verildi.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qeyd edib ki, həmin hadisələrdən 28 il ötməsinə baxmayaraq, faciə qurbanlarının xatirəsi hər bir azərbaycanlının qəlbində yaşamaqdadır. Faciəyə hüquqi-siyasi qiymət verilməsində ulu öndər Heydər Əliyevin qətiyyətinin mühüm rol oynadığını vurğulayan nazir müavini 20 Yanvar qurbanlarının xatirəsinin əbədiləşdirilməsinin, şəhid ailələrinin ehtiyac və problemlərinin həllinin Azərbaycan dövləti tərəfindən diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və gənclər çıxışlarında Azərbaycanın milli azadlıq mübarizəsinin ilk şəhidlərindən olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsinin daim yüksək ehtiramla yad edildiyini bildiriblər. Çıxış edənlər hər il 20 Yanvar faciəsinin ildönümləri ilə əlaqədar dünyanın müxtəlif ölkələrində anım mərasimlərinin təşkil olunduğunu vurğulayıblar.