SİYASƏT
Səfir Rodriqo Arkos: AZƏRTAC Azərbaycan-Çili əlaqələrinin inkişafına önəmli informasiya dəstəyi göstərir VİDEO
Bakı, 7 iyun, AZƏRTAC
Azərbaycan ilə Çili arasında əlaqələrin inkişafı üçün AZƏRTAC önəmli informasiya dəstəyi göstərir. Biz bunu yüksək qiymətləndiririk.
Bu sözləri AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov ilə görüşdə Çilinin Azərbaycanda akkreditə olunmuş qeyri-rezident səfiri Rodriqo Arkos deyib.
AZƏRTAC-ın ispan dilində xəbərlərin yayılmasına böyük önəm verdiyini deyən Aslan Aslanov bildirib ki, ispandilli auditoriyaya Azərbaycanın daha yaxından tanıdılması və eyni zamanda, ispandilli ölkələrin xəbərlərinin yerli auditoriyaya çatdırılması agentliyin prioritet fəaliyyət istiqamətlərindən biridir. Qeyd olunub ki, AZƏRTAC bir sıra ispandilli ölkələrin aparıcı informasiya agentlikləri - EFE (İspaniya), Telam (Argentina), İP (Uruqvay), Prensa Latina (Kuba) ilə tərəfdaşlıq əlaqələrinə malikdir.
“Hazırda Çili mediası ilə də əməkdaşlıq münasibətləri qurmaq istiqamətində iş aparırıq və yaxın gələcəkdə müsbət nəticə əldə olunacağına ümid bəsləyirik”, - deyə İdarə Heyətinin sədri diqqətə çatdırıb.
Səfir Rodriqo Arkos qeyd edib ki, AZƏRTAC-ın fəaliyyəti sayəsində Azərbaycanda Çilinin tarixi, mədəniyyəti, təbiəti barədə geniş məlumatlar yayılır. Bunun xalqlarımızın bir-birini daha yaxından tanımasına böyük töhfə olduğunu vurğulayan diplomat Çili mediası ilə qarşılıqlı səmərəli əlaqələr qurulmasında AZƏRTAC-a dəstək göstərməyə hazır olduğunu bildirib.
Danışıqlar əsnasında 2023-cü ildə Azərbaycan və Çili arasında diplomatik münasibətlərin 30 illiyi ilə əlaqədar keçirilməsi planlaşdırılan tədbirlərə informasiya dəstəyinin göstərilməsi, birgə layihələrin reallaşdırılması, həmçinin feyk xəbərlərlə mübarizə yolları, medianın inkişaf istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Çilinin Azərbaycanda müvəqqəti işlər vəkili Koloma Qrimberq də iştirak edib.