Azərbaycanın Almaniyadakı səfiri Berlində 40-dan çox ölkənin jurnalistləri ilə görüşüb VİDEO












Berlin, 3 noyabr, AZƏRTAC
Berlində fəaliyyət göstərən “korrespondenten.cafe” jurnalist klubunda Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayevin Almaniya və digər ölkələrin Berlində akkreditə olunmuş 40-dan çox jurnalisti ilə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, “Avropanın enerji təchizatçısı kimi Azərbaycanın rolu” mövzusuna həsr olunmuş tədbirdə məruzəçi qismində Almaniyanın “UNIPER” şirkətinin vitse-prezidenti Michael Hilmer də iştirak edib.
“Korrespondenten.cafe” klubunun rəhbəri tanınmış jurnalist Ewald König tədbiri açdıqdan sonra səfir Nəsimi Ağayev çıxış edib. O, Azərbaycan neft sənayesinin inkişaf tarixi haqqında məlumat verib. Ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra, 1994-cü ildə xarici şirkətlərlə “Əsrin müqaviləsi”ni imzaladığını bildirən səfir o vaxtdan etibarən Azərbaycanın daim öz öhdəliklərinə sadiq qaldığını və özünü beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi sübut etdiyini deyib. Səfir, həmçinin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşdən və tərəflər arasında imzalanmış Anlaşma Memorandumundan bəhs edərək, ölkəmizin Avropanın enerji təchizatında etibarlı tərəfdaş olmasının sözügedən səfər zamanı da vurğulandığını dilə gətirib.
N.Ağayev ölkəmizin təşəbbüsü və öncüllüyü ilə həyata keçirilən layihələrdən, o cümlədən Cənub Qaz Dəhlizindən (CQD) danışaraq, CQD-nin tərkib hissəsi olan Cənubi Qafqaz boru kəməri, TANAP və TAP layihələrinin reallaşma tarixi və bu gün böyük həcmdə Azərbaycan təbii qazının Avropaya çatdırılması barədə məlumat verib.
Diplomat Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi və davamlı sülhün əldə olunması istiqamətində Azərbaycanın atdığı addımlar barədə jurnalistləri məlumatlandıraraq, “Qarabağ münaqişəsi”nin artıq həll olunduğunu və yaranmış yeni vəziyyətin, o cümlədən Zəngəzur dəhlizinin yaratdığı imkanların regionun iqtisadi inkişafı üçün münbit şərait yaratdığını söyləyib.
Michael Hilmer isə təmsil etdiyi təşkilatın Azərbaycanla həyata keçirdiyi əməkdaşlıqdan bəhs edib. Azərbaycanın nəinki geniş neft və qaz ehtiyatlarına və onların Avropaya ixrac potensialına malik olduğunu, eləcə də ölkəmizdə bərpa olunan enerji mənbələri, o cümlədən günəş və külək enerjisi sahəsində böyük imkanların olduğunu vurğulayıb.
Sonra səfir N.Ağayev və M.Hilmer jurnalistlərin suallarını cavablandırıblar.
Berlin