REGİONLAR
Müasir laboratoriya və istixana kompleksi istifadəyə verilib - il ərzində 2 milyon ting yetişdiriləcək VİDEO














Quba, 7 fevral, Elxan Yusifli, AZƏRTAC
Azərbaycanda son illər intensiv və superintensiv bağçılıq sürətlə inkişaf edir. Bununla bağlı prioritet məsələlərdən biri tələb olunan sayda müasir standartlara uyğun yüksəkkeyfiyyətli əkin materialının istehsal edilməsidir. Ölkəmizdə il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinginə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xaricdən gətirilən meyvə tingləri idxalının qarşısının alınması, tələbatın yerli istehsal hesabına ödənməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun dəstəyi ilə Quba rayonunda yeni mikroklonal çoxaltma laboratoriyası və istixana kompleksi istifadəyə verilib. “Quba Ting” MMC-yə məxsus kompleksdə il ərzində 2 milyon ədəd yüksəkkeyfiyyətli əkin materialı istehsal olunacaq.
Bitkilərin mikroklonal üsul ilə çoxaltmanın üstünlükləri bir neçə aspekti özündə birləşdirir. Mikroklonal çoxaltma qeyri-cinsi çoxalma olub, genetik cəhətdən identik formalar əmələ gətirir. Bu da genetik cəhətdən homogen əkin materialının qorunub saxlanmasına səbəb olur. Bu yolla çətin çoxalan yüksək qiymətli bitkiləri və steril genotipləri qısa müddətdə çoxaltmaq mümkündür. Çoxluq, tezlik və yüksək çoxalma əmsalı kimi göstəricilər mikroklonal çoxaltma üsulunun digər bitki çoxaltma üsullarından üstünlüyüdür. Toxumaların süni qida mühitində çoxaldılması virussuz, sağlam əkin materialını əldə etməyə imkan yaradır. Mikroklonal çoxaltma vasitəsi ilə bitkilərin nisbi sükunət dövrünü aşmaq və çoxalmanı süni şəraitdə il boyu həyata keçirmək mümkündür. Bu da öz növbəsində əmək məhsuldarlığının və rentabelliyinin artmasına səbəb olur.
Hazırda “Quba Ting” MMC-nin laboratoriya və istixana kompleksində meyvə bitkilərinin calaqaltıları, giləmeyvə bitkiləri, pavloniya, banan və bəzi həmişəyaşıl dekorativ bitkilərin sağlam, yüksəkkeyfiyyətli əkin materialının istehsalı prosesi davam etdirilir.