Xiyabani küçəsi ilə Xarici Dairəvi yolun kəsişməsindəki hərəkət sxemi əsaslı şəkildə dəyişdiriləcək VİDEO
Bakı, 28 sentyabr, AZƏRTAC
Məhəmməd Xiyabani küçəsi ilə Xarici Dairəvi Avtomobil Yolunun kəsişməsi şəhərdaxili və tranzit nəqliyyat axınlarının bir qovşaqda birləşdiyi əsas nöqtələrdən biridir. Pik saatlarda nəqliyyat vasitələrinin eyni kəsişmədən hərəkəti burada sıxlıq və gecikmələrin yaranmasına səbəb olur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) AZƏRTAC-a bildirilib ki, AAYDA-nın layihəsi çərçivəsində mövcud hərəkət sxeminin əsaslı şəkildə dəyişdirilməsi nəzərdə tutulur. Layihəyə əsasən, ərazidə tunel tipli yolötürücüsü, dairəvi hərəkətin təşkil olunduğu yolayırıcı, eləcə də Qaradağ istiqamətində yan yol yaradılacaq.
Layihənin əsas üstünlüyü müxtəlif istiqamətlər üzrə hərəkət axınlarının bir nöqtədə toplanmasının qarşısının alınmasıdır. Yeni quruluş nəqliyyat axınlarını müxtəlif səviyyələrə ayıracaq. Bununla da qovşaqda bir-birinə mane olan manevrlərin sayı azalacaq, giriş və çıxışlar daha sistemli təşkil ediləcək.
Layihədə piyadaların rahat və təhlükəsiz hərəkəti üçün zəruri infrastrukturun yaradılması da nəzərdə tutulur.
Yeni yol həllinin təsiri yalnız Məhəmməd Xiyabani küçəsi ilə məhdudlaşmayacaq. Qovşaqda hərəkətin yenidən təşkili 20 Yanvar, Şamaxinka və Qaradağ istiqamətlərində nəqliyyat yükünün daha səmərəli bölüşdürülməsinə xidmət edəcək.