Milli Müdafiə Universitetində “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib VİDEO
Bakı, 17 fevral, AZƏRTAC
Milli Müdafiə Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunan “Regionda cərəyan edən proseslərin Azərbaycanın milli təhlükəsizliyinə təsiri” mövzusunda dəyirmi masa keçirilib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Milli Müdafiə Universitetinin rəhbər heyəti, Milli Məclisin deputatları, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların, eləcə də qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Milli Müdafiə Universitetinin rektoru Heydər Piriyev müasir Azərbaycan xalqının memarı və qurucusu Ulu Öndərin dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər gördüyünü, ölkəmizin bu günü və gələcəyi üçün zəngin irs qoyduğunu xüsusi vurğulayıb. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox böyük uğurlara imza atıb və bundan sonra da atacaq.
Heydər Piriyev qeyd edib ki, qarşımızda duran əsas məqsəd Ali Baş Komandanın müəyyənləşdirdiyi vəzifələr əsasında ölkəmizin, müstəqilliyimizin və dövlətçiliyimizin müdafiəsini üzərinə götürəcək peşəkar kadrların hazırlanmasıdır.
Digər çıxış edənlər mövzu ilə bağlı fikirlərini bölüşüb, müasir dünya düzəninin yaradılmasından, eləcə də bu işdə Azərbaycanın öz mövqeyini möhkəmləndirməsində dövlətimizin apardığı siyasətin əhəmiyyətindən danışıblar.