Xaçmazda iki şəhid ailəsi və bir nəfər müharibə əlili fərdi evlə təmin edilib VİDEO
Xaçmaz, 6 avqust, Elxan Yusifli, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Xaçmaz rayonunda iki şəhid ailəsinə və müharibə ilə əlaqədar əlilliyi olan bir nəfərə fərdi ev verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, avqustun 6-da Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan Qəribov Araz Qərib oğlu, Ləzgiyev Arzuman Şahmurad oğlunun ailəsinə və II qrup müharibə əlili İbrahimov Musa Abmüslüm oğluna fərdi evlərin açarları təqdim olunub.
Xaçmaz rayonunda fərdi evlərin verilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayev bildirib ki, bu gün Bakı və 15-ə yaxın rayonda 100 mənzil və fərdi ev təqdim olunur. Beləliklə, yeni verilən mənzil və fərdi evlər də daxil olmaqla postmüharibə dövründə 5 min 100, bu il 600, ümumilikdə ötən dövrdə 13 min 900 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.
Tədbirdə, həmçinin şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatının gücləndirilməsi, məşğulluğunun təminatı, reabilitasiya xidmətləri ilə əhatə olunmaları və s. istiqamətlərdə həyata keçirilən ardıcıl dəstək tədbirlərindən də bəhs olunub.
“Mənim oğlum Araz Qəribov Birinci Qarabağ müharibəsində şəhid olub. Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşüb. Vətən müharibəsində bizim ordumuz qələbə qazanandan sonra mən nəhayət təsəlli tapmışam. Bu gün bizim ailəmiz fərdi evlə təmin olundu. Buna görə dövlətimizə, Prezidentimiz İlham Əliyevə təşəkkür edirəm”, - deyə şəhid anası Ayət Qəribova bildirib.
Birinci Qarabağ döyüşlərində yaralanan Musa İbrahimov da fərdi evlə təmin olunanlar sırasındadır. Onun üçün Xaçmaz rayonun Müşkür kəndində ev tikilib. “Birinci Qarabağ müharibəsində Tapqaraqoyunlu, Borsunlu kəndlərin uğrunda döyüşlərdə iştirak etmişəm. Qarın nahiyəmdən ağır yaralanmışam. İkinci qrup müharibə əliliyəm. Bu gün evlə təmin olunduğuma görə çox sevincliyəm. Daim diqqət və qayğı ilə əhatə olunduğumuza görə dövlətimizə minnətdaram”, - deyə Musa İbrahimov bildirib.
Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olan vətəndaşlar da mənzillə təmin edilir.