Göyçayda “Heydər Əliyev və şanlı Zəfər tariximiz” adlı konfrans keçirilib VİDEO
Göyçay, 3 noyabr, Rəşad Türkoğlu, AZƏRTAC
Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq, noyabrın 3-də Göyçay şəhərində “Heydər Əliyev və şanlı Zəfər tariximiz” adlı işgüzar konfrans təşkil edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Göyçay şəhərinin mərkəzində ucaldılmış abidəsini, daha sonra isə Göyçay Şəhidlər xiyabanını ziyarət ediblər.
İştirakçılar Göyçay rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlərlə tanış olublar.
Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi konfrans iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda çıxış edən Baş Prokurorluğun idarə rəisi Kamal Qılıcov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunmuş Zəfərin Ulu Öndər Heydər Əliyev siyasətinin böyük təntənəsi olduğunu vurğulayıb.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev konfransın Göyçay şəhərində təşkilindən məmnunluğunu ifadə edib.
Göyçay rayon prokuroru Ramin Hüseynov, Milli Məclisin deputatları Sabir Hacıyev və Məzahir Əfəndiyev, Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov və digərləri fenomenal şəxsiyyət Heydər Əliyevin gənclər siyasəti, ordu quruculuğu və insan hüquqlarına verilən dəyər, Ulu Öndərin xilaskarlıq missiyası və zəngin dövlətçilik irsi mövzularında çıxış ediblər.
Daha sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və bölgə mediası arasında operativ və səmərəli əməkdaşlığın qurulması məqsədilə fikir mübadiləsi aparılıb.
Sonda Bakı Media Mərkəzi tərəfindən ərsəyə gətirilmiş, dövlət başçısının 2003-cü ildən başlayaraq yürütdüyü məqsədyönlü siyasət və nəticədə torpaqlarımızın işğaldan azad olunması ilə bağlı tarixi missiyasına həsr olunmuş "İlham" sənədli filmi nümayiş etdirilib.