İDMAN
Bakıda Milli Atçılıq Festivalının açılış mərasimi keçirilib VİDEO
Bakı, 5 noyabr, AZƏRTAC
Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Milli Atçılıq Festivalının açılış mərasimi və ilk oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, ARAF-ın prezidenti Elçin Quliyev və digər qonaqlar iştirak ediblər.
Çıxış edənlər Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində milli atçılığın böyük inkişaf yolu keçdiyini xüsusi vurğulayıblar. Ölkəmizdə atçılığın inkişafı, güclü idmançıların yetişdirilməsi, gənclərimizin sağlam ruhda tərbiyə olunması, Qarabağ və Dilbaz milli at cinslərinin qorunması və təbliği sahəsində Milli Atçılıq Festivalı kimi tədbirlərin əhəmiyyəti qeyd edilib. Bu istiqamətdə Gənclər və İdman Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi ilə faydalı əməkdaşlığın həyata keçirildiyi diqqətə çatdırılıb.
Dünya çempionatının açılış mərasimində “Süvarilər” qrupu çılğınlığı və gözəlliyi ilə seçilən Qarabağ və Dilbaz atları üzərində xüsusi proqram təqdim ediblər. Qapalı manejdə çoxsaylı izləyicilər tərəfindən “Çövkən” komandalarının oyunlarına baxış keçirilib.
Sonra Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsinin Qarabağ atları üzərində igidlik və hünər nümunələrindən ibarət şou-kompozisiyası, fəxarət rəmzimiz olan Dövlət Bayrağımızı dalğalandıraraq səhnə boyu dövrə vurmaları, rəqs ansamblının milli musiqi alətlərimizdə ifa olunan mahnılarımızın sədaları altında ənənəvi çıxışları izləyənlərin rəğbətini qazanıb.
Açılış mərasiminin ardınca püşkatmanın nəticələrinə uyğun olaraq çövkən üzrə dünya çempionatının ilk 3 oyunu - Türkiyə - Azərbaycan, Qazaxıstan - Mərakeş, Özbəkistan - Polşa qarşılaşmaları keçirilib.
Qonaqlar tərəfindən böyük maraqla izlənilən komandaların oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: Azərbaycan - Türkiyə 7:1, Mərakeş - Qazaxıstan 3 :1, Özbəkistan - Polşa 4:3.
Çempionatın növbəti üç oyunu qaydalara əsasən, Özbəkistan-Türkiyə, Mərakeş-Polşa, Azərbaycan-Qazaxıstan arasında noyabrın 6-da oynanılacaq.