“28 MAY” NQÇİ DƏNİZDƏ NEFT-QAZ HASİLATININ NÜMUNƏVİ MÜƏSSİSƏSİ OLACAQDIR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildimişlər ki, şirkətin prezidenti Rövnəq Abdullayev 2008-2010-cu illər üçün “28 May” NQÇİ-nin kompleks sosial-iqtisadi inkişafı üzrə proqramın təsdiq edilməsi barədə əmr imzalamışdır.
Hazırda ARDNŞ-in hasil etdiyi neftin 60, qazın isə 70 faizdən çoxunu təmin edən “28 May” NQÇİ-nin inkişaf proqramı iki hissədən - istehsalat və sosial hissələrdən ibarətdir. Proqramın istehsalat hissəsi neft hasilatının stabilləşdirilməsini, qaz hasilatı həcminin artırılmasını təmin etməyə yönəldilmişdir. Bu məqsədlərə nail olmaq üçün yeni obyektlərin inşası, qazma işlərinin artırılması, neft-mədən texnoloji və nəql-boru kəmərləri sistemlərinin yenidən qurulması, platformaların əsaslı təmiri planlaşdırılmışdır.
“28 May” NQÇİ 13 dərinsulu stasionar platformadan neft və qaz hasil edir. Layihə üzrə bu qurğuların istismar müddəti 50 ildir. Platformalar dəniz şəraitində istismar edildiyindən və güclü sualtı axınların təsirinə məruz qaldığından mütəmadi təmir və yeniləşməyə, konstruksiyaların dəyişdirilməsinə və möhkəmliyinin yoxlanılmasına ehtiyac yaranır. Proqramda istismar müddətindən asılı olaraq platformaların əsaslı təmirinin növbəliliyi nəzərdə tutulmuşdur.
Proqramda yaşayış bloklarının və sosial-məişət obyektlərinin modernləşdirilməsinə və yeniləşdirilməsinə xüsusi diqqət yetirilir.
Dənizdə çalışanların iş və məişət şəraiti beynəlxalq standartlara uyğun təmin ediləcəkdir. Onlar üçün kondisioner, soyuducu, televizor, mebel, vanna otağı ilə təchiz edilmiş ikiadamlıq rahat mənzillər nəzərdə tutulmuşdur.
Proqramda ayrıca bəndlə qeyd edilir ki, Çilov adasında mədəniyyət evinin, uşaq bağçasının təmir edilməsi, eləcə də suşirinləşdirici qurğunun quraşdırılması nəzərdə tutulur.