29 saylı Səbail seçki dairəsinin məntəqələrinə seçici axını davam edir
Bakı, 9 fevral, AZƏRTAC
Bakıdakı 29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan seçki məntəqələrində seçicilərin yüksək fəallığı müşahidə olunur.
Dairə seçki komissiyasının sədri Cahangir Məmmədov AZƏRTAC-a bildirib ki, 38 min 858 seçicinin qeydiyyatda olduğu 29 saylı Səbail seçki dairəsinin ərazisində 30 daimi seçki məntəqəsi fəaliyyət göstərir. Əlavə olaraq iki hərbi hissədə müvəqqəti məntəqə yaradılıb. Seçki dairəsinin ərazisində məskunlaşan məcburi köçkünlərin daxil olduğu məntəqələr də var. Seçki məntəqələri bütün zəruri texniki avadanlıqlar, ləvazimatlar və məlumat kitabçaları ilə təchiz olunub.
Dairənin ərazisində mövcud olan seçki məntəqələrində seçkilər demokratik və şəffaf şəraitdə davam edir. Seçki məntəqələrində seçicilərin öz istədikləri namizədə səs vermələri üçün hər cür şərait yaradılıb. Seçicilərə məntəqələrdə səsvermə ilə əlaqədar bülletenlər təqdim olunur.
Şəffaflığın təmin olunması məqsədilə dairə ərazisindəki məntəqələrin 12-də veb-kameralar, fiziki imkanları məhdud seçicilərin qeydiyyata alındığı məntəqələrdə isə panduslar quraşdırılıb.
29 saylı Səbail seçki dairəsində müşahidəçilərin internetdən veb-kameraların vasitəsilə məntəqələri izləməsi mümkündür. Bütün məntəqələr Mərkəzi Seçki Komissiyası tərəfindən avadanlıq və təbliğat-təşviqat materialları ilə təmin olunub. Hər bir məntəqədə seçicilərin dəqiqləşdirilmiş siyahısı asılıb.
Məntəqələrdə seçkilərin tam şəffaf, azad, ədalətli, demokratik və qanun çərçivəsində keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şərait mövcuddur.
Dairə üzrə müxtəlif partiyaları təmsil edən, eləcə də bitərəf olmaqla deputatlığa, ümumilikdə, 20 namizəd qeydə alınıb.
Yerli və beynəlxalq müşahidəçilər məntəqələrdə seçki prosesinin gedişini izləyirlər. Qanunvericiliyə əsasən, səsvermə ilə bağlı məlumatların və onun nəticələrinin ictimaiyyətə çatdırılması üçün yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri seçkiləri fəal və sərbəst işıqlandırırlar. Məntəqələrin çıxışında isə “exit-poll” keçirilir.
29 saylı Səbail seçki dairəsinin 132-134 nömrəli təhsil kompleksində yaradılan 4, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasındakı 2, Qərbi Kaspi Universitetinin binasındakı 7, Dənizçilərin Mədəniyyət Evinin binasında yerləşən 3, AFFA Bayıl Stadionundakı 21, eləcə də 6 saylı məktəbdəki 6 saylı seçki məntəqələrində seçicilərin fəallığı daha çox müşahidə olunur.
Qeyd edək ki, parlament seçkilərinə hazırlıqla əlaqədar yanvar ayında bu dairə üzrə də məntəqə seçki komissiyalarının sədrləri və üzvləri üçün maarifləndirici treninqlər keçirilib.