31 mart soyqırımı insanlığa sığmayan bəşəri cinayətdir
Salyan, 30 mart, Mahir Babayev, AZƏRTAC
Salyanda 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar keçirilən anım mərasimində erməni cəlladlarının zaman-zaman Azərbaycan xalqına qarşı törədikləri cinayətlər xatırlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yüzlərlə salyanlı 31 mart soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidə-kompleksinin önünə gül dəstələri qoyaraq, şəhidlərin xatirəsini ehtiramla anıblar.
Sonra ictimaiyyət nümayəndələri Salyan şəhər qəbiristanlığında uyuyan türk əsgər və zabitlərinin məzarlarını ziyarət ediblər.
Mərasimdə ermənilərin xalqımızın başına gətirdikləri faciələrdən danışılıb. Çıxışlarda 31 mart tarixinin soyqırımı günü elan edilməsində ulu öndər Heydər Əliyevin xidmətləri vurğulanıb, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Prezident İlham Əliyevin uğurlu fəaliyyəti qeyd olunub.
X X X
Neftçaladakı “Şəhidlər” xatirə kompleksinin önündə Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.
Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri kompleksin önünə gül dəstələri qoyaraq, şəhid Vətən övladlarının xatirəsinə ehtiramlarını bildiriblər.
Tədbirdə qeyd olunub ki, erməni faşistlərinin törətdikləri soyqırımı aktları təkcə miqyasına və coğrafiyasına görə deyil, kütləviliyinə və mahiyyətinə görə də insanlığa sığmayan bəşəri cinayətdir. Bildirilib ki, o müdhiş mart günlərində erməni terror maşını təkcə paytaxt Bakıda deyil, bölgələrdə, o cümlədən Neftçalada da talanlar, qırğınlar törədib.
Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında həyata keçirilən tədbirlərdən də danışılıb. Əminliklə bildirilib ki, ölkəmizin artan iqtisadi qüdrəti və siyasi nüfuzu yaxın zamanlarda ərazi bütövlüyümüzün təmin olunmasına imkan yaradacaq.
Mərasim başa çatdıqdan sonra tədbir iştirakçıları şəhərdəki Heydər Əliyev mərkəzində 31 mart soyqırımı gününə həsr olunan sərgi il tanış olub, məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiyaya baxıblar.
X X X
Sabirabadda Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bütün idarə, müəssisə və təşkilatlarda tədbirlər keçirilib.
Ümumrayon tədbirində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov bildirib ki, azərbaycanlıların məruz qaldıqları soyqırımı nəticəsində 2 milyondan çox soydaşımız deportasiya edilib, 1,5 milyon həmvətənimiz qanına qəltan olunub. Uzun illər gizli saxlanılan bu həqiqətlər barədə ətraflı məlumat verən icra hakimiyyətinin başçısı qeyd edib ki, məhz ümummilli lider Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi ilə xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq mümkün oldu.
Soyqırımı faciəsinin tarixindən, erməni vəhşiliyinin xronikasından danışan digər çıxış edənlər Azərbaycan həqiqətlərinin ilk dəfə ümummilli lider Heydər Əliyevin gərgin səyləri nəticəsində obyektiv hüquqi-siyasi qiymətini aldığını, 31 martın Azərbaycanlıların Soyqırımı Günü elan olunduğunu vurğulayıblar.
X X X
İmişlidə də Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı mərasim keçirilib. Rayondakı Heydər Əliyev Mərkəzində keçirilən anım mərasimində soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev xalqımıza qarşı yüz illər boyu davam edən soyqırımı və təcavüz siyasətinin məqsədi, mahiyyəti və tarixi kökləri barədə məlumat verib, soyqırımı nəticəsində yüz minlərlə soydaşımızın terror və təcavüzə məruz qalaraq qətlə yetirildiyini, doğma torpaqlarından deportasiya olunduğunu konkret faktlarla diqqətə çatdırıb.
Çıxışlarda erməni millətçilərinin xalqımızın başına gətirdikləri müsibətlərdən, törətdikləri vəhşiliklərdən danışılıb, bu təcavüzkar siyasətin hələ də davam etdirildiyi bildirilib.