31 Mart soyqırımı qan yaddaşımızın ən ağrılı səhifələrindəndir
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anma tədbiri keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, AzTU-nun rektoru vəzifəsini icra edən Xalıq Yahudov 31 Mart soyqırımı barədə məlumat verib, ermənilər tərəfindən törədilən bu qətliamın insanlığa sığmayan vəhşilik olduğunu söyləyib. Vurğulanıb ki, 1918-ci ilin mart soyqırımları qan yaddaşımızın ən ağrılı səhifələrindəndir.
AzTU-nun ictimai fənlər kafedrasının müdiri Şikar Qasımov soyqırımından əvvəlki və sonrakı tarixi proseslərə diqqət çəkib, “Böyük Ermənistan” xülyasını reallaşdırmaq istəyən ermənilərin Bakıda və regionlarda kütləvi qırğınlar törətdiklərini söyləyib.
Universitetin professoru, Milli Məclisin deputatı Astan Şahverdiyev həmin tarixi proseslər zamanı Anadolu türklərinin xalqımıza köməyindən danışıb, Nuru paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun qəhrəmanlıqlarını xüsusi qeyd edib.
Digər çıxış edənlər də ermənilərin xalqımıza qarşı hər zaman təcavüzkar və riyakar siyasət yürütdüklərini, 31 mart soyqırımında on minlərlə insanın qətlə yetirildiyini söyləyiblər. Qeyd edilib ki, tariximizin öyrənilməsi, gənclərin maarifləndirilməsi və gələcəkdə bu cür vəhşiliklərin qarşısının alınması üçün güclü gənclik formalaşdırılmalıdır.