32 il sonra kimliyi bilinən şəhidin qalıqları Abşeronda dəfn olunub
Xırdalan, 5 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
Birinci Qarabağ müharibəsində itkin düşmüş, 32 ildən sonra kimliyi müəyyən edilən şəhid Rövşən Məcid oğlu Əliyevin qalıqları Abşeronda torpağa tapşırılıb.
AZƏRTAC xəbər verir ki, şəhid Rövşən Məcid oğlu Əliyevlə Xırdalanda, ailəsinin yaşadığı ünvanda vida mərasimi keçirilib.
Şəhidin qalıqları Xırdalan şəhidlər xiyabanında dəfn olunub.
Dəfndə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Əliyev Rövşən Məcid oğlu Birinci Qarabağ müharibəsində Daşaltıda itkin düşmüş sayılırdı. O, Tərtərdə Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn olunmuşdu.