Möminə Xatun türbəsinin bərpası ilə əlaqədar ərazidə geotexniki tədqiqatlar aparılır VİDEO
Naxçıvan, 8 oktyabr, AZƏRTAC
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi Möminə Xatun türbəsinin bərpası istiqamətində görülən işlərin davam etdirilməsi məqsədilə “Atelier Erich Pummer GmbH” şirkətinin rəhbərliyi və mütəxəssis heyəti Naxçıvana gəlib.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda türbə ətrafında mövcud olan qruntların vəziyyətinin öyrənilməsi üçün geotexniki tədqiqatlar aparılır.
Mühəndis-geoloji quyuların qazılması nəticəsində zədələnmiş və zədələnməmiş torpaq nümunələri götürülərək laboratoriya sınaqlarından (qranulometrik tərkib, sıxlıq, rütubət, möhkəmlik həddi, konsolidasiya əmsalı) keçiriləcək. Nəticədə yeraltı suların səviyyəsi və xüsusiyyətləri müəyyənləşdiriləcək.
Şirkət tərəfindən tədqiqat nəticələrini və abidənin dayanıqlığını təmin etmək üzrə tövsiyələri əks etdirən texniki hesabat hazırlanaraq, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinə təqdim olunacaq.