Diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində VİDEO
Xankəndi, 1 may, AZƏRTAC
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidə Qarabağ Universitetinə gəliblər.
AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiət etdiyi xarici diplomatlara Qarabağ Universiteti barədə ətraflı məlumat verilib.
Diplomatik korpusun nümayəndələri ilə keçirilən görüşdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış edərək təhsil ocağının innovasiyayönümlü, tələbəmərkəzli və tədqiqatəsaslı ali təhsil müəssisəsi kimi inkişaf etdiyini diqqətə çatdırıb.
Bildirib ki, Qarabağ Universiteti 2023-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilib, 2024-cü ilin sentyabrında rəsmi açılışı olub və ilk tələbələrin qəbulu həyata keçirilib. Hazırda universitetdə birinci və ikinci kurslar üzrə ümumilikdə 2100-dən çox tələbə təhsil alır, akademik və inzibati heyətin sayı isə 400-dən artıqdır.
Rektor qeyd edib ki, Qarabağ Universiteti dünya səviyyəli ali təhsil ocağı kimi formalaşdırılır və regionun inkişafında mühüm rol oynamağı hədəfləyir.
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış edərək bildirib ki, bu səfər diplomatik korpusun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə 21-ci səfəridir. “Bizim ilk səfərlərimiz 2020-ci ilin noyabrında başlamışdı. Aramızda elə səfirlər var ki, onlar cəbhə xəttində olublar, belə səfərlərə qatılıblar və onlar Qarabağın tam dəyişməsini və transformasiyasını zaman kəsiyində görə bilərlər.
Biz bu səfərlə Qarabağ torpağındakı reallıqları, illər ərzində necə transformasiya olunduğunu və Qarabağda yeni həyatın, canlanmanın necə baş verdiyini nümayiş etdirmək və göstərmək istəyirik. Təəssüf ki, Qarabağ son 30 il ərzində müharibə, münaqişə və qanla yadda qalıb. Bəli, bunun arxasında çətin bir tarix dayanır. Biz tarixi və keçmişi inkar edə bilmərik. Lakin xatirələrimizi yadda saxlayaraq, gələcəyə — Azərbaycan və qonşularımız üçün dinc bir gələcəyə baxırıq”, - deyə Prezidentin köməkçisi əlavə edib.
Diplomatik korpusun nümayəndələri sonra Qarabağ Universiteti ilə tanış olub, tədris binası, kitabxana, auditoriya, laboratoriya və sərgi zalına baxış keçirib, incəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında musiqi dinləyiblər.
Sonra diplomatik korpusun nümayəndələri Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikası, həmçinin Tibb və sağlamlıq elmləri fakültəsi ilə yaxından tanış olublar.