42 minə yaxın uşaq və təhsil əməkdaşı informasiya təhlükəsizliyi üzrə maarifləndirilib
Bakı, 18 dekabr, AZƏRTAC
Uşaqların zərərli informasiyadan qorunması istiqamətində maarifləndirmə, texniki nəzarət və valideyn məsuliyyətinin gücləndirilməsi kompleks şəkildə həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda keçirilən brifinqdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Hüquq və tənzimləmə sektorunun baş məsləhətçisi Fatimə Eyyub deyib.
O bildirib ki, bu sahədə aparılan maarifləndirmə tədbirləri çərçivəsində 78 məktəblə əməkdaşlıq edilib, 481 təlim təşkil olunub və ümumilikdə 42 minə yaxın məktəbli və təhsil əməkdaşı informasiya təhlükəsizliyi mövzusunda məlumatlandırılıb: "Bu fəaliyyətlər uşaqların zərərli informasiyadan qorunmasını da əhatə edib və 2025-ci ildə uğurla yekunlaşıb".
Fatimə Eyyubun sözlərinə görə, Xidmət tərəfindən yayılması qadağan edilən və ya qanunvericiliyin tələblərini pozan informasiyaların internet resurslarında yerləşdirilməsi halları aşkar edildikdə, həmin məlumatlara çıxışın məhdudlaşdırılması istiqamətində tədbirlər görülür: "Qanunvericiliyə əsasən informasiya sahibləri yerləşdirdikləri məzmunu müvafiq yaş kateqoriyalarına uyğunlaşdırmalıdırlar.Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanuna əsasən, informasiya məhsulları 6 yaşadək, 6 yaşdan yuxarı, 12 yaşdan yuxarı, 16 yaşdan yuxarı və 18 yaşdan yuxarı olmaqla təsnifləşdirilir və məzmun həmin kateqoriyalara uyğun təqdim edilməlidir".
Qlobal platformalarda qanunvericiliyin tələblərini pozan məzmunla bağlı müraciətlər daxil olduqda, ilk növbədə valideyn nəzarətinin gücləndirilməsi istiqamətində metodik dəstək göstərilir. Valideynlərə tətbiqdaxili və oyun daxili məhdudiyyətlərin qurulması, valideyn nəzarəti funksiyalarının aktivləşdirilməsi ilə bağlı tövsiyələr verilir.
Onun sözlərinə görə, yayılması qadağan edilən informasiyanın aradan qaldırılması üçün əvvəlcə məlumatın sahibi ilə əlaqə saxlanılır, qanunvericiliyin tələbləri yerinə yetirilmədikdə isə müvafiq dövlət qurumlarına müraciət edilərək internet resursuna çıxışın məhdudlaşdırılması təmin olunur.