XII Bakı Beynəlxalq Kitab Sərgisinin ən fəal iştirakçıları mükafatlandırılıblar VİDEO
AZƏRTAC XII Bakı Beynəlxalq Kitab Sərgisində göstərdiyi informasiya dəstəyinə görə təltif edilib
Bakı, 26 oktyabr, AZƏRTAC
XII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində mükafatlandırma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə sərgidə fəallığı ilə seçilən iştirakçılar və təşkilatlar müxtəlif nominasiyalar üzrə təltif olunublar.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu kitabın və mütaliənin cəmiyyətin mənəvi inkişafında, maariflənməsində və dünyagörüşünün formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Sərginin miqyasının ildən-ilə genişləndiyini diqqətə çatdıran O.Fikrətoğlu bildirib ki, builki tədbirdə 32 xarici ölkədən 59 təşkilat iştirak edib. Eyni zamanda, sərgidə Azərbaycanı təmsil edən 148 müəssisə, nəşriyyat və poliqrafiya mərkəzi yer alıb.
Onun sözlərinə görə, bu göstəricilər ölkəmizdə kitaba və nəşriyyat sahəsinə marağın artdığını nümayiş etdirir. Kitab sənayesinin inkişafı, kitab mağazalarının, naşirlərin və müəlliflərin fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də bu sahədə qanunvericilik bazasının yenilənməsi mühüm əhəmiyyət daşıyır. Bu məsələlərin sərgi çərçivəsində müzakirəyə çıxarılması da əlamətdar yeniliklərdən biridir.
Daha sonra mükafatlandırma mərasimi keçirilib.
Sərginin əsas tərəfdaşı olan SOCAR göstərdiyi dəstəyə görə mükafatlandırılıb.
“Fəxri yazar” nominasiyası üzrə Xalq şairi Sabir Rüstəmxanlı və yazıçı Reyhan Yusifqızı, “Fəxri qonaq” nominasiyası üzrə dünyaşöhrətli yazıçı Pərinuş Sənii və britaniyalı yazıçı Darren Simpson təltif olunublar.
Həmçinin “Ən çox oxunan müəllif” nominasiyası üzrə Kəramət Böyükçöl, “Ən fəal nəşriyyat” nominasiyası üzrə “Qanun” nəşriyyatı, “Ən kreativ stend” nominasiyası üzrə isə “Libra Kitab” nəşriyyatı mükafatlandırılıb.
XII Bakı Beynəlxalq Kitab Sərgisinin Təşkilat Komitəsi tərəfindən Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) sərgidə fəal iştirakına və göstərdiyi informasiya dəstəyinə görə təltif olunub.