İmanyar Quliyev: Builki sərgi kreativliyi və iştirakçıların rəğbəti ilə yadda qalacaq VİDEO
Bakı, 26 oktyabr, AZƏRTAC
XII Bakı Beynəlxalq Kitab sərgilərinin inkişafını hər il izləmişəm və bu sərgilərin hər birində iştirak etmişəm. Builki kitab sərgisi həm nəşriyyatların fəallığı, təşkilatçılıq və stendlərin vizual-kreativ tərtibatı, həm də iştirakçıların sayı və göstərdikləri böyük maraq baxımından, bəlkə də ən uğurlu tədbirlərdən biri oldu.
Bunu AZƏRTAC-a açıqlamasında “Libra Kitab” nəşriyyatının baş redaktoru İmanyar Quliyev deyib.
“Bu il bizim nəşriyyatımız – “Libra Kitab” nəşriyyatı “Ən yaxşı kreativ stend” nominasiyasında qalib oldu. Qalibiyyətimizin əsas səbəblərindən biri uşaqlar üçün hazırladığımız “Xəyal ağacı” dekorasiyası idi. Uşaqlar öz arzularını kağıza yazaraq həmin ağaca yapışdırırdılar. Gördük ki, təkcə uşaqlar deyil, böyüklər, tələbələr və müxtəlif yaş qruplarından olan insanlar da öz arzularını yazıb ağaca əlavə edirlər. Uşaqların istəklərini, arzularını, xəyallarını yazaraq bölüşmələri, xəyallarını bir növ göz önündə canlandırmaları çox maraqlı mənzərə yaradırdı. Bundan başqa, nəşriyyatımızın çap etdiyi məşhur yazıçı Yustina Bednarekin “Evdən qaçan corabların heyrətamiz sərgüzəştləri” kitabı üçün xüsusi stend hazırlamışıq. Həmin stendi həm də fotozona kimi təşkil etmişdik. Bu işimiz də sərgidə “Ən yaxşı kreativ stend” nominasiyasında qalib gəlməyimizə mühüm töhfə verdi”, – deyə baş redaktor qeyd edib.