46 nömrəli marşrut xəttində yeni avtobuslar fəaliyyətə başlayacaq YENİLƏNİB
Bakı, 6 iyul, Elvin Camalov, AZƏRTAC
46 nömrəli marşrut xətti üçün yeni avtobuslar gətirilib.
AZƏRTAC xəbər verir ki, “Vətən.AZ-Trans” MMC tərəfindən gətirilən müasir 16 avtobus qarşıdakı aylarda “BakıKart” sisteminə keçəcək. Artıq bununla bağlı müvafiq işlər görülür. “Isuzu Citibus” markalı avtobuslar “Avro 5” standartlarına uyğun olmaqla yanaşı, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcəklər. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.
46 nömrəli marşrut xəttində fəaliyyət göstərən əvvəlki “Daewoo” markalı avtobuslar isə 50 nömrəli marşrut xəttində istismar olunacaq.